BAKI, 27 iyun — Sputnik. Fransa Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər zamanı təhlükəsizlik riskləri, xüsusən də terror təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə BFM TV kanalı məlumat yayıb.
Daxili İşlər Nazirliyi qeyd edib ki, çoxsaylı təhlükəsizlik təhdidləri və terror hücumları təhlükəsi son dərəcə yüksək olaraq qalmaqdadır və səsvermə bu fonda keçiriləcək. Hüquq-mühafizə orqanları həmçinin kiberhücumlara və sosial şəbəkələrdə məlumatların manipulyasiyasının qarşsıını almağa çalışır.
Daxili İşlər Nazirliyi hazırda Olimpiya məşəlinin estafetinin keçirildiyi yerlərdə hüquq-mühafizə orqanlarının şəxsi heyətinin iş yükünün artdığını qeyd edib.
İyunun 9-da Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı buraxmaq qərarına gəlib. Növbədənkənar parlament seçkilərində səsvermənin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.
Olimpiya məşəli mayın 8-də Yunanıstandan Fransaya Köhnə Marsel limanına çatdırılıb. İki aydan çox davam edəcək və iyulun 26-da Oyunların açılış mərasimində məşəlin alovlandırılması ilə başa çatacaq. Daha əvvəl daxili işlər naziri Cerald Darmanin xüsusi təyinatlıların dəstəyi ilə hər gün 1,5 min polis əməkdaşının Olimpiya estafetinin təhlükəsizliyini təmin etdiyini qeyd edib. Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.