HADİSƏ

Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı yeni məlumat

Silahlı insidentdə qətlə yetirilən Tural Kosayevlə cinayətkar İsmayıl Allahverdiyev həmkəndli olublar.
Sputnik
BAKI, 27 iyun — Sputnik. İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, şübhəli şəxsi tərk-silah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.
Yayılmış məlumata görə, silahlı insidentdə qətlə yetirilən Tural Kosayevlə cinayətkar İsmayıl Allahverdiyev həmkəndli olublar. Hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir. Bundan başqa, İ.Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Xatırladaq ki, paytaxtın Nərimanov rayonunda, axşam saatlarında baş verən silahlı insidentin bəzi detalları məlum olub. Şahidin sözlərinə görə, Tural Kosayevin yanında qız da olub:
"Turalın maşınında xanım da əyləşmişdi. Arxasında isə qara maşın saxladı. Daha sonra avtomobillərdən düşdülər. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir etdi. Mübahisədən sonra o, qaçmağa başladı, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açdı".
Qeyd edək ki, hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.