TƏHSİL

"Astarada hər üç müəllimdən biri ilə sağollaşmalı olacağıq" - Nazir

Nazir deyib ki, hər 5 müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılma prosesində nəticə göstərə bilməyib.
Sputnik
BAKI, 27 iyun — Sputnik. "Astarada hər üç müəllimdən biri ilə sağollaşmalı olacağıq".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Nazir qeyd edib ki, həmin rayon üzrə zəif nəticə çoxdur.
Hər 5 müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılma prosesində nəticə göstərə bilməyib!
Emin Əmrullayev deyib ki, elə rayon var ki, hər 5 müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılma prosesində nəticə göstərə bilməyib. Nazir qeyd edib ki, ümumilikdə 40 % müəllim bu fənn üzrə yüksək nəticə göstərib. Onun sözlərinə görə, suallar həmişə standartlara uyğun hazırlanır: "Amma hələ də hazırlığa ehtiyacı olan müəllimlər var".
O, bildirib ki, riyaziyyatdan müəllimlərinin məsələ həlli ilə bağlı təkmilləşmələrinə ehtiyac var. Nazir deyib ki, xarici dil və Azərbaycan dili üzrə oxu bacarıqlarının təkmilləşdirilməsinə də ehtiyac var:
"Gələcəkdə müəllimlərin daha çox oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsinə diqqət göstəriləcək".
Nazir bildirib ki, müəllimlərin sertifikatlaşdırma imtahanınlarının nəticələrinə görə, problemlər daha çox ibtidai sinif fənni üzrə nəzərə çarpır.
O müəllimləri kim əvəzləyəcək?
Nazir bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur.
"Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür və nəticədə müəssisə üzrə orta dərs yükü artır", - deyə nazir əlavə edib.
İbtidai sinif müəllimlərinin 20 faizi yüksək nəticə göstərib
Emin Əmrullayev deyib ki, 2022-2024-cü illərdə təşkil edilmiş təhsilverənlərin sertifikatlaşdırması imtahanlarında 64.5 min müəllim iştirak edib. O bildirib ki, ibtidai sinif; Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılmasının hər iki mərhələsi, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırılmasının isə birinci mərhələsi başa çatıb.
"Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif müəllimlərinin 20 faizi, yəni 6238 nəfər 51 bal və daha yüksək nəticə göstərib. Həmin müəllimlərin vəzifə maaşına 35 faiz əlavə tətbiq olunur. Prosesdə, ümumilikdə 31 852 ibtidai sinif müəllimi iştirak edib. Onların 86 faizi, yəni 21 141 nəfəri isə qənaətbəxş nəticə göstərib, yəni tələb olunan minimum 30 balı toplayıb. Həmin müəllimlərin əməkhaqqına 10 faiz məbləğində əlavə tətbiq edilir. Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443 müəllim isə hələ prosesdə iştirak etməyib" nazir bildirib.
O, ibtidai siniflər müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərlərdə açıqlayıb.
Həmin rayon və şəhərlər aşağıdakılardır:
1. Sumqayıt
2. Bakı
3. Abşeron
4. Şirvan
5. Gəncə
6. Mingəçevir
7. Siyəzən
8. Quba
9. Oğuz
10. Şabran
11. Hacıqabul
12. Xaçmaz
13. Qazax
14. Salyan
15. Zəngilan
35 faiz müəllim növbəti tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq!
Nazir deyib ki, təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Həmçinin elm və təhsil naziri bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.