BAKI, 27 iyun — Sputnik. Avrasiya İqtisadi İttifaqında (Aİİ) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) standartları əsasında gömrük inzibatçılığının təkmilləşdirilməsi və ticarət prosedurlarının sadələşdirilməsi məsələləri Avrasiya İqtisadi Komissiyasının gömrük əməkdaşlığı üzrə naziri Eldar Əlişerov və baş katib Yan Sonders tərəfindən Brüsseldəki (Belçika) iclasda müzakirə edilib.
"Avrasiya İqtisadi Komissiyasının (AİK) ÜGT ilə qarşılıqlı əlaqəsi çox dinamik şəkildə inkişaf edir. Komissiya müşahidəçi statusunda ÜGT Katibliyi və beynəlxalq gömrük ictimaiyyəti ilə geniş spektrli məsələlər üzrə ÜGT-nin nümayəndələri ilə fəal əməkdaşlıq edir. AİK nümayəndələri beynəlxalq təcrübəni araşdırır, Aİİ-nin gömrük sahəsində hüququn təkmilləşdirilməsinə yanaşmalarını təqdim edirlər" – AİK-nın saytında Əlişerov vurğulayıb.
Əlişerov ÜGT-nin baş katibinə AİK və Avrasiya "beşliyi" ölkələrinin gömrük tənzimlənməsi sahəsində qanunvericiliyin modernləşdirilməsi üzrə gördüyü işlərin nəticələri barədə məlumat verib.
Tərəflər komissiya ilə beynəlxalq təşkilat arasında mövcud Anlaşma Memorandumunun həyata keçirilməsi perspektivlərini, həmçinin ÜGT-nin hüquqi sənədlərinin və imkanlarının müasirləşdirilməsini müzakirə ediblər.
Bununla yanaşı, komissiyanın beynəlxalq təşkilatın "ağıllı gömrük" institutunun inkişafı və gömrük orqanlarının fəaliyyətində perspektivli rəqəmsal texnologiyaların tətbiqi layihəsində iştirakı məsələsinə baxılıb.
Xatırladaq ki, 2016-cı ildə AİK və ÜGT arasında Anlaşma Memorandumu imzalanıb. Bu memorandumda iki təşkilatın iş çərçivəsi və komissiya nümayəndələrinin beynəlxalq gömrük tənzimləmə standartlarının hazırlanmasında ÜGT işçi orqanlarının fəaliyyətində iştirakı müəyyənləşdirilib.