AZƏRBAYCAN XƏBƏRLƏRİ

"Bayraq tutan oğullara” və ya bəxti açılmış şeir

Xalq şairi Fikrət Qoca Qarabağ uğrunda şəhid olmuş, əsirlikdə olan 25 nəfər Xocalı sakininin azad olunması müqabilində düşmənə könüllü təslim olan Azərbaycan əsgəri Natiq Qasımova "Bayraq tutan oğullara” şeirini həsr edib.
Sputnik
BAKI, 26 iyun - Sputnik. İyunun 25-də Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).
N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş «Qaradağ şahinləri» taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-su-suz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin SmirnovEnriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən «Oqonyok» jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində «Strax» adlı məqalədə təsvir edilib.
Erməni girovluğundan azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən «Kür» avarçəkmə bazasında məskunlaşmış, Xocalı şəhər sakini, Cəfərov Cəfər Məhəmməd oğlunun ifadəsinə əsasən, Xocalı şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan gün digər Xocalı sakinləri ilə birlikdə onu da girov götürüb işğal edilmiş Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparıblar. Bir müddət sonra Ermənistan hərbçiləri onu xarici jurnalistlə birlikdə zirehli döyüş maşınına oturdaraq azərbaycanlılara xəbərdarlıq etmək üçün Pirlər kəndinə aparıblar.
Ermənistan hərbçiləri orada Cəfər Cəfərovu Alban kilsəsində mövqe tutmuş Azərbaycan hərbçiləri ilə danışığa göndərmiş, əgər təslim olmasalar, girov götürülmüş Xocalı şəhər sakinlərini sıraya düzüb güllələyəcəklərini bildiriblər.
Cəfər Cəfərov sürünə-sürünə kilsəyə gedib. Lakin o, kilsədə yalnız bir Azərbaycan əsgəri, Qasımov Natiq Səlim oğlu ilə rastlaşıb. Natiq Qasımov 5 gün ərzində təkbaşına və ac-susuz döyüşdüyü üçün artıq taqətdən düşübmüş.
Natiq Qsımov Cəfər Cəfərovun: “Axı imkanın var idi nə üçün geri çəkilmədin?” - sualına beılə cavab verib:

“Komandirim mənə mövqeni tərk etməməyi tapşırmışdır. Bir də ki, yuxarıda dalğalanan Azərbaycan bayrağını burada qoyub necə gedə bilərdim?”.

Cəfər Cəfərovun ifadəsinə görə o, Ermənistan hərbçilərinin şərtini Natiq Qasımova çatdırmış, bununla yanaşı, təslim olmamağı və imkan varsa, geri çəkilməyi məsləhət görüb. Lakin, Natiq Qasımov bir canı üçün Xocalı sakinlərinin həlak olmasına yol verməyəcəyini bildirmiş və binanın üzərində asılmış Azərbaycan bayrağını əlinə götürərək Ermənistan hərbçilərinə təslim olub.
Azərbaycanın mərhum Xalq şairi Fikrət Qoca Qarabağ uğrunda şəhid olmuş, əsirlikdə olan 25 nəfər Xocalı sakininin azad olunması müqabilində düşmənə könüllü təslim olan Azərbaycan əsgəri Natiq Qasımova "Bayraq tutan oğullara” şeirini həsr edib.
Fikrət Qoca
Top atılıb gənc bəbirə,
Cələ qurulub qartala,
Mat qalıbdı bu dünyaya,
Pöhrə çinar, cavan qala…
Can ay oğul, can ay bala!
Ulu tanrım, bir cavab ver,
Bu nə dərddir, bu nə bəla?!
Yoğurub tutdun, torpaq adlı bu kündəni.
Bu kündədən yaratmısan bu gün məni.
Bu kündənin hər bir dəni
Əkilməli, biçilməli, döyülməli,
Daş altından keçilməli, üyünməli.
Bu xəmirə qatılmalı,
Bu kündənin xasalına atılmalı, yeyilməli.
Bəli, bəli…
Dərd üyüdüb,
Göz yaşıyla yoğurmusan,
Bir az hicran, bir az vüsal,
Bir az nifrət, bir az sevgi qata-qata.
Bu müqəddəs xəmiri sən kündələyib
Düzdün sonsuz kainata.
Ulu tanrım, böyük ata,
Sən arada bizi də gör.
Bu şəkildən dərgahına sual verən gözü də gör.
* * *
Deyəcəksən: “İşıq sanı Dərgaha əl açanlar var.
Cansız-canlı, üzənlər var,
Sürünənlər, yeriyənlər, uçanlar var”.
Deyəcəksən: “Fəza sonsuz
Milyon illər andı, keçir,
Dünya xəmri yoğurursan,
Hardasa karvanın köçür”.
Bu da yola gördüyün bir tədarükdü.
Mən baxıram bu şəkilə,
Bir də sənə, vallah, billah,
Heç bilmirəm kim böyükdü.
Əfv et məni, ulu tanrım.
Yandığımdan danışıram.
Bu da sənin öz işindi –
Yandırırsan, alışıram.
Tanrım, sənin yaratdığın
Biz görməyən milyon qatdı.
Böyüklüyün ondadır ki,
Sən yaradan hər zərrənin
Özü böyük kainatdı.
Bəlkə, onu sevdiyindən
Bu bəlaya göndərmisən.
Bəlkə, elə sevirsən ki,
Bizim həzrət peyğəmbərin
Nəvəsinə döndərmisən?!
Anlat, bilək.
Kirpiklərdə göz yaşları,
Məşəqqətə baxaq, gülək.
Şəkildən baxan o gözlər
Elə sözdü, elə səsdi,
Əlindəki bayraq kimi müqəddəsdi.
Əbədiyyət qazanmağa bu da bəsdi.
Yenilməzlik, haqlıq, düzlük elə budu.
Sən əsir düşmədin belə,
Əlindəki bayraq ilə.
Xankəndini tapdaladın,
Qisas aldın.
Azərbaycan bayrağıyla
Keçdin ordan, zəfər çaldın.
* * *
Rus da ora gəlmişdi ki,
erməniyə tərif desin.
Qəhrəmanlıq görüb çəksin,
Sonra da göstərib desin…
Səni gördü,
Obyektivdən keçib onun
Ürəyinə hökm verdin.
Azərbaycan bayrağına
Sən ona da baş əydirdin.
İnsanlıqdan ucalmısan,
Sən müqəddəs bir ocaqsan.
Elə orda, Xankəndində
Nəhəng heykəl olacaqsan.
Əlində də öz bayrağın.
Bayrağının altından da
İllər, nəsillər keçəcək
Zaman -zaman, axın-axın.
Sən oğulsan,
Mənim də atadır adım.
Şəklinə baxdım-baxdım,
Gözlərinə qurban olum,
ağlamadım.
Ağlamadım,
Oğul, kişi ağlayarmı bərkdə, darda???
Bu günə də şükür olsun,
Çox şükür ki,
Bayraq da var, bayraq tutan oğullar da.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.