BAKI, 26 iyun — Sputnik. "Meşələrdə yanğın hadisələrinin qarşısının alınması üçün mineral zolaqlar salınır, müşahidə qüllələrinin, daimi nəzarət postlarının yaradılması üçün tədbirlər görülür".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. Xidmət rəisi qızmar istilərdə meşə yanğınlarının qarşısının alınması ilə bağlı tədbirlərə başlanıldığını söyləyib.
"Yanğın hadisələrinin qarşısının alınması üçün mineral zolaqlar salınır, müşahidə qüllələrinin, daimi nəzarət postlarının yaradılması üçün tədbirlər görülür. Təbii sərvətlərimiz olan meşələrimizə insanlardan qayğı ilə yanaşmaq tələb olunur. Hər kəs meşədə dincələndə bu təhlükəni nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidir", - Hikmət Əlizadə bildirib.
H. Əlizadə qeyd edib ki, yay fəslinin daxil olması ilə əlaqədar dünyanın əksər ölkələrində kütləvi meşə yanğınları baş verir. O, Azərbaycanın da bu riskdən sığortalanmadığını bildirib. Həmsöhbətimiz deyib ki, yanğın hadisəsi həm ekologiyaya, həm də insanların həyatına ciddi risk yaradır.
Qeyd edək ki, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricilərini açıqlayıb. Qurumdan verilən məlumata görə, Naxçıvan MR üzrə yanğın indeksi Ordubadda yüksək, Naxçıvan şəhəri, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb. Gəncə-Qazax bölgəsi üzrə yanğın indeksi Daşkəsəndə kiçik, Tərtər, Tovuz, Gədəbəy, Naftalan, Gəncədə orta, Ağdam, Şəmkirdə yüksək, Ağstafada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb. Həmçinin, Balakən-Şəki bölgəsi üzrə yanğın indeksi Şəki, Balakən, Oğuz, Zaqatalada kiçik, Qəbələdə isə orta yanğın təhlükəsi növünə çatıb. Qeyd edilib ki, yanğın indeksi Quba, Qusar, Altıağacda kiçik, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb. Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Qobustanda kiçik, Şamaxıda orta, İsmayıllıda yüksək yanğın təhlükəsi növündədir. Bu göstərici Lerikdə orta, Astara, Yardımlı, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, meşə yanğınlarının böyük qismi insanların meşədə iş və istirahət zamanı yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Buna görə də meşəyə istirahətə gedənlər də yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidir. Meşə və meşəətrafı sahələrdə yandırılan tonqal nəzarətsiz qalmamalıdır. Tonqalı ağac altında, quru ot və kol-kos, ağac qırıntıları olan ərazidə qalamaq olmaz! Tonqal ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Tonqal üçün xüsusi yer hazırlanmalı, yaxud köhnə tonqalın yerindən istifadə edilməlidir. Küləkli havada tonqal qalamaq olmaz! Ərazini tərk edən zaman tonqal tam söndürülməli, üzərinə su tökülməli və sonra üstü torpaqla örtülməlidir. Meşədə tonqal qalayan şəxs tonqalın tam söndüyünə əmin olduqdan sonra ərazini tərk etməlidir.
Əgər kimisə meşədə yanğına yaxalayıbsa, üzünü və başını üst geyimi ilə örtərək yanğın zonasından kənarlaşmalı və küləyin istiqamətinin əksinə doğru hərəkət etməlidir. Yanğın zonasından çıxa bilmirsə, tezalışan materialdan olan paltarını əynindən çıxarmalı, imkan varsa yaxınlıqdakı göl, nohur və digər su hövzəsinə girərək paltarını islatmalıdır. Üzünü çoxqatlı yaş parça sarğısı ilə örtərək ərazidən kənarlaşmalıdır.
Qurumdan verilmiş məlumata görə, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs və ya şəxslər tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda onların əməlləri artıq cinayət məsuliyyətinə səbəb olur.
Qurumdan qeyd edilib ki, meşə yanğınlarının baş verməməsi üçün taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır! Yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir. Taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməli, eni 4 metrdən az olmamaqla şumlama yolu ilə mineral (təhlükəsizlik) zolaq yaradılmalıdır.
Biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir. İşdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır! Tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə yanğını söndürməyə çalışılmalı və "112" qaynar xəttinə məlumat verilməlidir.