SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın təkliflərinin arxasında hansı məqsədlər gizlənib?

Millət vəkili Zahid Oruc qeyd edib ki, bütün sərhəd zolağı boyunca atəşkəsin pozulmasının araşdırılması ilə bağlı Ermənistan tərəfinin belə bir rəsmi təşəbbüsü əsl gerçəkliyi pərdələməyə xidmət edən çox məkrli bir addımdır.
Sputnik
BAKI, 25 iyun — Sputnik. Artıq bir neçə müddətdir ki, Azərbaycan-Ermənistan şərti sərhədində müntəzəm olaraq atəşkəs pozulur.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sonuncu dəfə iyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.
Rəsmi İrəvan atəşkəsin pozulmasından narahat olduğunu iddia edir. Ermənistan Respublikasının Baş nazirinin aparatı atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin həyata keçirilməsinə başlamağı təklif edib.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X" səhifəsindəki paylaşımında yazıb ki, Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır.
Bəs rəsmi Bakı Ermənistanın təklifinə hansı cavabı verəcək?
Mövzu ilə bağlı milət vəkili Zahid Oruc və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a danışıblar.
Elşən Manafov
Politoloq Elşən Manafov deyir ki, Paşinyanın atəşkəsə nəzarət mexanizmi yaradılması ilə bağlı təklifləri okeanın o tayında, ən pis halda isə Fransa ilə razılaşdırılmış təkliflərdir: "Bu təkliflərin arxasında başqa niyyətlər dayanır. Qərb Paşinyan rejimi vasitəsilə bölgənin geosiyasi konfiqurasiyasını öz leyihə dəyişmək istəyir. Məlum təklifin arxasında da Qərbin sülhməramlı qüvvələr kontingenti adı altında hərbçilərinin bölgəyə yerləşdirilməsi istəyi durur".
Politoloq hesab edir ki, Qərb Ermənistanın tezliklə öz təhlükəsizlik sisteminə, NATO-ya inteqrasiyasının mümkün olmayacağını anlayır:
"Qərbin bunu Ukraynada tətbiq etmək istəyi ona baha başa gəldi. Ona görə belə təkliflər vasitəsilə Qərb Ermənistan vasitəsilə öz hərbi qulluqçularını bölgədə yerləşdirməklə həm Azərbaycanın yaxınlığında olmaq, həm də Qərbin 40 ildən çoxdur ki, hədəf seçdiyi mövcud İran rejiminə qarşı istifadə etmək istəyir. Bu, Sarkisyan rejimi zamanında irəli sürülmüş təklif idi. 2016-cı ildə ABŞ konqresmenləri bu təklifi açıqlamışdılar. Həmin dövrdə də bu təklif Azərbaycan iqtidarı tərəfindən rədd edilmişdi. Hesab edirəm ki, indiki təklif də bu gün Azərbaycanın regional təhlükəsizlik maraqlarına cavab vermədiyindən hökumətimiz tərəfindən birmənalı olaraq qəbul edilməyəcək".
Millət vəkili Zahid Oruc isə qeyd edib ki, bütün sərhəd zolağı boyunca atəşkəsin pozulmasının araşdırılması ilə bağlı Ermənistan tərəfinin belə bir rəsmi təşəbbüsü əsl gerçəkliyi pərdələməyə xidmət edən çox məkrli bir addımdır.
Zahid Oruс
Onun sözlərinə görə, Ermənistan çalışır ki, bu cür bəyanatın infomasiya məkanına çıxmasıyla özünü sülhdə maraqlı, sərhəd zolağının cəbhə bölgəsinə çevrilməsinin əleyhinə olan dövlət kimi göstərsin:
"Digər tərəfdən bu təklifi regiondakı sülh danışıqlarına aid olan mühüm bir komponent kimi təqdim edərək üzərindən manipulyasiya edirlər. Guya ki, Ermənistan tərəfi atəş açmır, onların bunda marağı yoxdur".
Millət vəkili vurğulayıb ki, bu prosesin arxasında məhz Avropa İttifaqının müşahidə missiyası dayanır:
"Bu mandatsız missiya regiona əvvəlcə 30-35 nəfərlik heyətlə 2 ay müddətinə gəlmişdi. İndi isə onların sayı 200 nəfəri keçib, əksəriyyəti də hərbi kəşfiyyat xidmətinin nümayəndələridir. Tərkibində isə generallar və digər yüksək çinli rəsmilər var. Onlar fəaliyyətlərinə bizim tərəfdən legitimlik qazandırmaq istəyir, missiyanı prosesə qoşmaq üçün cəhdlər edirlər".
"Ermənistan daha böyük işləri və hədəfləri bir kənara qoyub deyir ki, gəlin açılmış atəşin motivlərini araşdıraq. Sual olunur ki, nə üçün kommunikasiyaların açılmasının, diplomatik münasibətlərin bərqərar olunmasının tərəfində olmayasan və bu yöndə addımlar atmayasan. Hələ də min kilometrə qədər ərazi qarşılıqlı olaraq tanınmamış olaraq qalıb. Ona görə də Ermənistan tərəfi bu çağırışları bir kənara qoyaraq, Aİ missiyasına iş yeri düzəltməkdənsə, Ermənistan konstitusiyasını dəyişdirmək şərti ilə sülh müqaviləsi üzərində açıq mətnlə işi davam etdirməlidir".
Zahid Oruc vurğulayıb ki, Paşinyanlar gəldi gedərdi: "Ermənistan konstitusiyası isə istənilən hakimiyyətlər üçün öhdəliklər yaradır. Bizim mövqeyimiz beynəlxalq hüququn prinsiplərinə söykənir. Azərbaycanın mövqeyi əsaslı və güclüdür. Regionda qalıcı sülh arzu edilirsə, bundan ötrü tərəflər bir-birinin dövlət kimi sərhədlərini qəbul etməli, ondan sonra isə digər əlaqələr bərpa olunmalıdır. Hər açılan atəşin qarşısına bir kamera qoymaqla məsələlər həllini tapmayacaq".