BAKI, 25 iyun— Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişikliyə üçüncü oxunuşda baxılıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərə əsasən, gəlirlərin 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata, xərclərin 2 milyard 944,3 milyon manat artırılaraq 39 milyard 707,3 milyon manata çatdırılması, dövlət büdcəsinin kəsirinin isə 764,3 milyon manat genişləndirilərək 3 milyard 354,3 milyon manat olacağı təklif edilir. Artırılan gəlirlərin 51,1%-nin qeyri-neft, 48,9%-nin isə neft gəlirləri hesabına formalaşması təklif olunur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 1 milyard 405 milyon manat artırılaraq 15 milyard 270 milyon manata, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 500 milyon manat artırılaq 6 milyard 400 milyon manata çatdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250 milyon manat, “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”na isə 25 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır.
Komitə sədri bildirib ki, dövlət büdcəsində gəlirlərin artırılması, xərclər arasında aparılan optimallaşma və kəsirin genişlənməsi hesabına yaranan əlavə vəsaitlərin bir sıra istiqamətlərə yönəldilməsi təklif olunur. Bunlardan, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə əlavə 1 milyard 160,3 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılmasına əlavə 807 milyon manat, avtomobil yolları, su təchizatı, elektrik enerjisi və digər sahələr üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlavə 1 milyard 184 milyon manat, əsaslı təmir, yenidənqurma və digər əsaslı xərclər üçün 146 milyon manat vəsaitin sərf olunması planlaşdırılır.
Diqqətə çatdırılıb ki, 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təsdiq olunmuş məlumatlarda ÜDM-in ilkin təqdim edilmiş 118,3 milyard manatdan 121,3 milyard manata artırılması, iqtisadi artım tempinin ilkin təsdiq edilmiş 2,4%-dən 3,8%-ə yüksəlməsi, qeyri-neft-qaz sektorunda real artım proqnozunun 4,6%-dən 5,5%-ə qədər, neft-qaz sektorunda real artım proqnozunun isə -1,7%- dən +0,8%-ə dəyişdirilməsi təklif olunur. Yenidən baxılan büdcə zərfində neftin 1 barelinin orta illik qiyməti təsdiq olunmuş layihədə nəzərdə tutulan qiymətdən 15 ABŞ dolları artırılaraq 75 ABŞ dolları səviyyəsində həyata keçirilib.
Qeyd edilib ki, 2024-cü ilin 4 ayı ərzində dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrində xərclərin artması nəzərə alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib.
Qanuna dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.