ELM

Xaricdə təhsil üzrə dövlət proqramına müraciət edənlərin sayı açıqlanıb

Xaricdə təhsil üzrə dövlət proqramına 209 nəfər bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.
Sputnik
BAKI, 24 iyun — Sputnik. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"na 2024–2025-ci tədris ili üçün sənəd qəbulu başa çatıb.
Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, 16 ölkənin 103 ali təhsil müəssisəsi üzrə 835 namizəd müraciət edib.
Bildirilib ki, onlardan 209 nəfəri bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.
Daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İtaliya, Almaniya, daha çox müraciət olunan ixtisas istiqamətləri sırasında isə informasiya texnologiyaları, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, mühəndislik, maliyyə yer alır.
Bununla yanaşı, Dövlət Proqramına dünyanın ən yaxşı universitetləri üzrə top-10-da yer alan ali təhsil müəssisələrinə qəbul üçün müraciət sayı 150-dən çoxdur. Sənədlərin ekspertizası bitdikdən sonra müsahibələrin həyata keçirilməsi və ilkin nəticələrin iyul ayında elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində hər il 80-i bakalavriat, 320-si magistratura üzrə olmaqla ümumilikdə 400 nəfərədək Azərbaycan Respublikası vətəndaşının təhsilinin maliyyələşdirilməsi üçün yer ayrılır.
06.04.24, 19:41
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə
Aprelin 5-dən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində namizədlərlə müsahibələrin keçirilməsinə başlanılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Müsahibədə Dövlət Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər iştirak edirlər.
Müsahibə mərhələsində Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertlər iştirak edirlər. Müsahibənin nəticəsinə uyğun olaraq, müvafiq balı toplamış namizəd müsabiqə mərhələsinə keçir.
Dövlət Proqramına sənəd qəbulu iyunun 15-dək davam edəcək.
Dövlət Proqramının 2022–2026-cı illər üzrə hədəfi hər il 400 nəfərədək olmaqla ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu universitetlərində təhsilinin təmin edilməsidir. Proqram çərçivəsində təhsil yerlərinin ən azı 80 faizi magistratura səviyyəsini əhatə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.