BAKI, 24 iyun — Sputnik. Macarıstanın baş naziri Viktor Orban Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri postunda daha effektiv rəhbərliklə əvəzlənməsinə çağırıb. Onun sözlərinə görə, son beş il Avropa İttifaqının tarixində ən pis il olub.
Bu barədə baş nazir Almaniyanın "Funke" media qrupuna müsahibəsində bildirib.
Orban qeyd edib ki, o, fon der Lyayenin "aşağı səmərəliliyinə" görə dəyişdirilməsini tələb edir.
"Yaşıl transformasiya tamamilə uğursuz bir idarəetmədir; miqrasiya paketi problemi həll etmir. Avropanın daha effektiv liderliyə ehtiyacı var, bunu edə biləcək kifayət qədər istedadlı siyasətçilər var" – Orban fikrini bidirib.
Macar siyasətçi, Avropa Parlamenti seçkilərində insanların Brüsseldə dəyişiklik istədiklərini göstərdiyini vurğulayıb. Orban, eyni zamanda, hesab edir ki, mövcud vəziyyəti nəzərə alsaq, eyni hakim koalisiya hakimiyyətdə qalacaq.
"Hazırda baş verənlərdən özümü heç də xoşbəxt hiss etmirəm" – o əlavə edib.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ liderlərinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni ikinci müddətə təsdiq etmədiyini bildirmişdi. Yekun qərar iyunun sonuna qədər verilməlidir.