BAKI, 24 iyun — Sputnik. Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
Bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:
"Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".
Qeyd edək ki, istintaqı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.
Hazırda DTX-nin İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.