BAKI, 22 iyun — Sputnik. Qərbdəki siyasətçilər başa düşməyə başlayıblar ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyev hakimiyyəti ərazi məsələlərində və NATO-ya üzvlüklə bağlı kompromislərə getməli olacaq. Bu barədə Britaniyanın "The Spectator" jurnalı müntəzəm olaraq Kiyevə səfər edən keçmiş yüksək rütbəli Qərb rəsmisinə istinadən yazıb.
Nəşr vurğulayıb ki, İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfrans göstərdi ki, əbədi müharibəyə beynəlxalq dəstək zəifləyir və ciddi kompromislərin vaxtı yaxınlaşır. Nəşr münaqişənin uzandığı bir vaxtda Avropa ölkələrinin yeni ukraynalı qaçqın dalğası ilə bağlı narahatlığına diqqət çəkib. Almaniya hökumətindəki mənbənin sözlərinə görə, Berlin gələn qışda Ukraynadakı enerji obyektlərinə dəyən ziyana görə,1 milyona qədər ukraynalı qaçqını gözləyir.
Bildirilib ki, Ukrayna üzrə İsveçrədə keçirilən konfrans uğursuzluqla başa çatıb, çünki o, qlobal cənub ölkələrinin Rusiya ilə əlaqələri kəsmək istəmədiyini nümayiş etdirib. Ukrayna Prezident Aparatındakı keçmiş yüksək vəzifəli məmurun sözlərinə görə, Kiyev konfransın Ukraynaya beynəlxalq dəstəyin yeni mərhələyə çatacağına ümid edirdi, lakin əslində forum qlobal cənubdan Ukraynaya dəstəyin itirildiyini göstərdi.