İQTİSADİYYAT

Xəzərlə Fars və Oman körfəzləri arasında əlaqənin mühüm hissəsi istifadəyə verilir

İranın şimalındakı Rəşt şəhərindən Xəzər limanına qədər olan hissə Rəşt-Astara dəmir yolunun tikintisinin ilkin mərhələsidir.
Sputnik
BAKI, 21 iyun — Sputnik. İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (BND) bir hissəsi olan Xəzər dənizinin cənub sahilində yerləşən Gilan vilayətində Rəşt-Xəzər dəmir yolu hissəsinin istismarına başlayıb.
İran mətbuatının məlumatına görə, açılışda İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər, həmçinin yol və şəhərsalma naziri Mehrdad Bazarpaş iştirak ediblər.
İranın şimalındakı Rəşt şəhərindən Xəzər limanına qədər olan hissə Rəşt-Astara dəmir yolunun tikintisinin ilkin mərhələsidir. Gələcəkdə Xəzər limanından İranın şimal-qərbindəki Astara şəhərinə qədər olan yolların növbəti hissəsinin tikintisi planlaşdırılır.
İranın İSNA xəbər agentliyinin məlumatına görə, Rəşt-Xəzər dəmir yolu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması üçün İranda ən mühüm və ən yüksək prioritet dəmir yolu layihələrindən biridir. Bu layihə İranın Yaxın Şərq regionu və Avropa ölkələri ilə ticarəti üçün böyük əhəmiyyət kəsb edir.
Otuz yeddi km uzunluğunda olan Rəşt-Xəzər dəmir yolu İranın cənub və şimal limanlarını birləşdirməyə imkan verir ki, bu da Xəzər dənizi ilə Fars və Oman körfəzləri arasında əlaqəni təmsil edir. Gilan əyaləti qubernatorunun tikinti təsdiqləri üzrə müavini Musa Fakurun sözlərinə görə, bu dəmir yolu layihəsi üzərində iş 5 il əvvəl başlayıb. Onun sözlərinə görə, marşrutun çox da böyük olmayan bir hissəsi "Ənzəli" ticarət-sənaye zonasının ərazisində yerləşir.
Xatırladaq ki, Şimal-Cənub BND Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) qədər multimodal marşrutdur, dəhlizin uzunluğu 7,2 min km-dir. Bu dəhliz çərçivəsində üç marşrut - transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), eləcə də qərb (Azərbaycan ərazisindən keçməklə) və şərq (Qazaxıstan və Türkmənistan ərazisi ilə) quru yolları mövcuddur.
Rusiya və İran 2023-cü ilin mayında qərb Şimal-Cənub marşrutu üzrə İranda Rəştdən Astaraya qədər dəmir yolunun 1,6 milyard avro dəyərində sonuncu zəruri hissəsinin tamamlanmasına dair sənədlər imzalayıblar. Bu vəsaitin 1,3 milyard avrosu Rusiya Federasiyasının krediti, qalanı isə İran tərəfinin vəsaitidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.