BAKI, 21 iyun — Sputnik. Ötən gündən başlayaraq ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Belə ki, güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində irigövdəli ağacın aşması və nəticədə magistiral yolda hərəkətin dayanması barədə FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə cəlb edilmiş Şimal-qərb Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq vasitələrlə aşmış ağacın hissələrə kəsilərək yoldan götürülməsi, bununla da magistral yolda sərbəst hərəkətin bərpası təmin edilib.
Bundan başqa, yağan intensiv yağışlarla əlaqədar Yevlax şəhərinin Cahangir Kərimov küçəsində fərdi yaşayış evinin həyətyanı sahəsinin subasmaya məruz qalması nəticəsində ev sahibinin köməyə ehtiyacının yaranması barədə daxil olan məlumata əsasən göstərilən ünvana cəlb edilən FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən evdə köməksiz vəziyyətdə qalmış yaşlı qadın təhlükəsiz əraziyə təxliyə edilib.