HADİSƏ

FHN və ETSN güclü küləklə bağlı xəbərdarlıq etdi: Uşaqları çölə buraxmayın!

Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər.
Sputnik
BAKI, 21 iyun - Sputnik. Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri güclü küləklə bağlı xəbərdarlıq edib.
FHN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, iyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır, riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini bir daha xatırladır:
"İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamayın, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın. Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər. Güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq".
19.06.24, 16:38
Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edildi
İyunun 19-u axşamdan başlayaraq 20 və 21-də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sinoptiklərin məlumatına görə, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, Ordubad, Culfa, Beyləqan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağdərə, Ağcabədi, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Göyçay, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş rayonlarında sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq.

Goranboy, Naftalan, Gəncə, Göygöl, Mingəçevir, Şəmkir, Neftçala rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək.