CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Satışdan bakteriyalı dondurmaları kim yığışdıracaq? İstehsalçı xəbəri təkzib edir

"Rich S.A" MMC -dən Sputnik Azərbaycan-a nəinki həmin partiya dondurmaların satışdan geri çağırıldığını, hətta AQTA-nın yaydığı məlumatı təkzib etdilər.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində bakteriya aşkarlanan dondurmaların ticarət şəbəkələrində hələ də satıldığı ilə bağlı iddialara cavab verib. AQTA-dan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bəzən vətəndaşlar adları açıqlanan firmaların istehsalı olan bütün dondurmaların tərkibində bakteriya olduğunu zənn edir. Halbuki, söhbət həmin istehsalçılara aid bütün partiya dondurmalardan getmir. Odur ki, istehlakçılara dondurma alarkən adları açıqlanan firmaların dondurmalarının istehsal tarixinə baxmaq tövsiyə olunur. Əgər satışdakı dondurmanın tarixi, açıqlanan partiya ilə üst-üstə düşürsə, bu zaman Agentliyin "Qaynar xətt" inə məlumat versinlər.
Bakteriyalı dondurmaları necə tanıyaq?
"Burada konkret müvafiq istehsal tarixli məhsul partiyalarından söhbət gedir. Hazırda həmin məhsulların geri çağırılması prosesi davam edir. Yaxın günlərdə geri çağırılan, istehlaka yararsız məhsullarla bağlı statistik məlumatlar paylaşılacaq. Vətəndaşlardan ticarət şəbəkələrində bu partiyaya məxsus məhsullarla rastlaşdıqda, Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur" deyə qurumdan bildirilib.
Qeyd edək ki, bu günlərdə AQTA ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan dondurma məhsulları və onlara məxsus partiyalar aşağıdakılardır:
1.
"İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma, "Rich S.A" MMC, 30.03.2024-30.01.2025, Enterobacteriaceae bakteriyası
2.
"Soyuq" əmtəə nişanlı südlü kakaolu dondurma, 04.04.2024-04.02.2025, Enterobacteriaceae bakteriyası
3.
"Soyuq" əmtəə nişanlı südlü çiyələkli dondurma, 03.04.2024-26.01.2025, Enterobacteriaceae bakteriyası
4.
"İce Dream" əmtəə nişanlı şokoladlı plombir dondurma, 30.03.2024-30.01.2025, Enterobacteriaceae bakteriyası
5.
"Yolka" əmtəə nişanlı qaymaqlı dondurma, 30.03.2024-30.01.2025, Enterobacteriaceae bakteriyası
6.
"Qoşa Qapı" əmtəə nişanlı vanilli Eskimo dondurma, "Camal LTD" MMC, 02.04.2024-02.02.2025, Enterobacteriaceae bakteriyası
7.
"Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir dondurma, fiziki şəxs Yusubova Səringül Kərəm qızı, 22.04.2024-22.02.2025, Enterobacteriaceae bakteriyası
8.
"Zoluşka" əmtəə nişanlı portağallı Eskimo dondurma, 10.04.2024-10.02.2025, Enterobacteriaceae bakteriyası
9.
"Selena" əmtəə nişanlı südlü çiyələkli dondurma, 29.04.2024-28.02.2025, Enterobacteriaceae bakteriyası
10.
"Naturalika" əmtəə nişanlı Eskimo dondurma, аiziki şəxs Poladov Müzəffər Müslüm oğlu, 27.04.2024-27.02.2025, Enterobacteriaceae bakteriyası
Bu dondurmaları yesək nə baş verər?
Tərkibində bakteriya aşkarlanan dondurmaların insan orqanizminə təhlükəsinə gəlincə, quruman bildirilib ki, enterobacteriaceae ailəsinə mənsub olan bakteriyaların bir çoxu patogen xüsusiyyətli olub, insanlarda salmonelyoz, dizenteriya, kolit və mədə-bağırsaq pozğunluqları ilə müşayiət olunan digər qida mənşəli zəhərlənmələrə səbəb olur. Bu bakteriyalarla yoluxma insanlarda həmçinin tənəffüs və sidik yollarının iltihabı ilə nəticələnən proseslərə yol açır ki, bu zaman xəstə insanlarda hərarətin yüksəlməsi, halsızlıq, baş ağrıları və bu kimi digər əlamətlər müşahidə edilə bilər. Odur ki, Enterobacteriaceae bakteriyaları ilə sirayətlənmiş dondurma məhsullarının istehlakı insan sağlamlığı üçün təhlükəli hesab olunur. AQTA sınaq nəticələri uyğunsuz olan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçirir, təhlükəli məhsullar ticarət şəbəkələrindən geri çağırılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində uyğunsuzluqlar aşkarlanmış məhsullarla bağlı məlumatlar Agentliyin saytında təhlükəli məhsulların reyestrinə daxil edilib.
Keyfiyyətli dondurmalar necə istehsal olunmalıdır?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dondurma süd məhsulundan hazırlandığından, həmin südün sağıldığı heyvan sağlam olmalıdır. Ekspert südün sağılma, saxlanma və daşınmasında gigiyenik tələblərə əməl etməyin vacib olduğunu da bildirib. Qeyd edib ki, süd məhsulu zülal mənşəli olduğundan, xarab olmağa, tərkibində mikroorqanizmlərin yaranmasına daha çox meyillidir.
O, adətən dondurma istehsalında quru süddən istifadə olunduğunu, bunun da bəzən həzm sisteminin pozulmasına, bağırsaq mikroflorasının dəyişməsinə səbəb olduğunu söyləyib.
Son aparılan monitorinqlərə gəlincə, ekspert bildirib ki, dondurmalarda aşkarlanan bakteriyaların 50-ə yaxın növü var.
Dondurma yeyərkən ağzınızda acılıq yaranırsa...
"Enterobacteriaceae insan sağlamlığı üçün təhlükəli bakteriyadır. Bu bakteriya bağırsaq mikroflorasının dəyişməsinə, iltihabi xəstəliklərə, tənəffüs yolları və böyrək xəstəliklərinə səbəb ola bilər. Sözügedən bakteriyanın olduğu dondurmanı qəbul edərkən insanda ishal yaranır. Bu zaman bağırsaqda faydalı bakteriyalar azalır və ya yoxa çıxır. Ona görə də, AQTA-nın bu yoxlaması çox vacibdir. Həmin partiya məhsulların satışdan geri çağrılması dərhal təmin olunmalıdır. Əks halda, bu dondurmaların qəbulu ölümlə belə nəticələnə bilər", - Məhsəti Hüseynova bildirib.
M.Hüseynova deyib ki, keyfiyyətli dondruma süd, yağ və qaymaqdan ibarət olmalıdır. O bildirib ki, ağızda dondurma yedikdən sonra acı dad qalırsa bu istehsal zamanı keyfiyyətsiz bitki yağlarından istifadənin göstəricisidir.
Dondurma istehsalçısı AQTA-nı məhkəmə ilə hədələyir
Apardığımız araşdırma zamanı məlum oldu ki, tərkibində bakteriya aşkarlanan dondurmalardan biri -"İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurmanın istehsalçısı "Rich S.A" MMC, "Millennium" ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. "Rich S.A" MMC -dən Sputnik Azərbaycan-a nəinki həmin partiya dondurmaların satışdan geri çağırıldığını, hətta AQTA-nın yaydığı məlumatı təkzib etdilər. Bildirdilər ki, onlar məhsulların istehsal olunmasında dünyada mövcud olan qabaqcıl texnologiyalardan istifadə edirlər. Fabrikdə məhsullar insan əli toxunmadan istehsal olunur.

"Adıçəkilən məhsullarımızda aşkar olunduğu bildirilən bakteriyanın məhsulumuzda olmasının qeyri-mümkün olduğunu qətiyyətlə bildiririk. Buna sübutumuz son on gün ərzində müəssisəmizdə yoxlamada olan AQTA nümayəndələrinin müəssisəmizin anbarından və istehsalat sahəsindən götürdükləri nümunələrin laboratoriya nəticələridir (AQTA-nın sınaq nəticələrini əlavə olunur). Nümunələrdən də göründüyü kimi müəssisəmizdə olan xammallarda, hazır məhsullarda və dəzgahlarda heç bir bakteriya aşkarlanmamışdır. Eyni zamanda bildiririk ki, məhsullarımızın hazırlanması üçün istifadə etdiyimiz xammal mütləq şəkildə AQTA-nın laboratoriyalarında yoxlamadan keçirildikdən və müsbət nəticə alındıqdan sonra istehsalımızda istifadə edilir. O cümlədən, günlük hazırlanan hər məhsulun hər partiyasından nümunə götürülərək AQTA-nın laboratoriyasına göndərilir və uyğunluq cavabı gəldikdən sonra qablaşdırılır (Sınaq nəticələrindən nümunə əlavə olunur). Mövcud xəbərlə bağlı şirkətimiz tərəfindən də araşdırılmaya başlanmışdır. Çünki, bu, məhsulda bakteriyanın olması onun saxlanılma şəraitinə və ya daşınma zamanı yol verilən pozuntulardan qaynaqlana bilər. Bizim şirkətə məxsus avtomobillərlə daşınmış və şirkətə məxsus soyuducularımızda saxlanılan məhsullarda bu hal mümkün deyildir", - şirkətdən bildirilib.

Həmçinin o da qeyd olunub ki, AQTA-dan onlara məxsus məhsulların hardan, hansı şəraitdən götürülməsi ilə bağlı məlumat tələb edirlər:
"Əgər məhsulların götürüldüyü yer, daşınma şəraiti, götürən adamın götürmə prossesinin protokollaşdırılma şəraiti bizə təqdim edilməzsə, şirkət nüfuzumuzu aşağılamaq ittihamı ilə qarşı tərəfi məhkəməyə verəcəyik. Mövcud vəziyyət bizi çox məyus etmişdir, bu halın mümkün olmasını qətiyyətlə təkzib edirik. Alıcılarımızdan bu məsələni sonuna qədər izləmələrini xahiş edirik və əminliklə bildiririk ki, məhsullarımızın keyfiyyətində heç bir uyğunsuzluq ola bilməz. Agentlik əməkdaşlarına yoxlama aparılması üçün hazır məhsullarımızdan və bütün istehsal prosesi mərhələlərində olan istənilən məhsuldan nümunələr təqdim etməyə hazırıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.