İQTİSADİYYAT

Nazir: Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur

Vurğulanıb ki, qlobal istiləşmə, atmosfer yağıntılarının azalması və ya anormal paylanması, sel və subasma hadisələri, torpaqların davamlı erroziya və şoranlaşmaya məruz qalması aqrar sahə üçün ciddi çağırışlar yaradır.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 25 faizi sığorta təminatına alınıb. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycanda aqrar sığorta modelinin əsas xüsusiyyətlərindən biri onun kifayət qədər geniş əhatə dairəsinə malik olmasıdır.
Məcnun Məmmədov

"Təklif edilən aqrar sığorta xidmətləri ölkədə fəaliyyət göstərən fermerlərin 96 faizi üçün xidmətlərin əlçatanlığını təmin edir. Aqrar Sığorta Fondu tərəfindən baş vermiş sığorta hadisələrinə görə femerlərə ödənilən təzminatlar ildən-ilə artmaqdadır. Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir", - nazir vurğulayıb.

Kənd təsərrüfatı naziri bildirib ki, aqrar sığorta sektoru ilə bağlı hədəflərimiz genişdir. Yaxın gələcəkdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur.
O qeyd edib ki, kənd təsərrüfatı birbaşa təbiətlə bağlı sahə olduğundan Yer kürəsində müşahidə olunan qlobal iqlim dəyişikliyi aqrar sahəyə mənfi təsirini artırmaqdadır.

"Qlobal istiləşmə, atmosfer yağıntılarının azalması və ya anormal paylanması, sel və subasma hadisələri, torpaqların davamlı eroziya və şoranlaşmaya məruz qalması aqrar sahə üçün ciddi çağırışlar yaradır. Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır. Aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir. Qabaqcıl dünya təcrübəsinə əsasən sığorta mexanizmləri aqrar sektorda risklərin idarəedilməsi və davamlı fəaliyyətin təmin edilməsi üçün ən mühüm mexanizm hesab olunur", - M.Məmmədov qeyd edib.

Nazir onu da vurğulayıb ki, Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli dünyada mövcud olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlanıb:
"Ölkəmizdə aqrar sığorta sistemi qardaş Türkiyənin TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb. Bu model fermerlərimizin dayanıqlı fəaliyyətlərini təmin etmək, sahəyə marağın stimullaşdırılmasını həyata keçirmək və gəlirlərinin davamlılığını qorumaq üçün nəzərdə tutulub. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Belə ki, məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldır, fermerlərə dövlət dəstəyini gücləndirir, məşğulluğa müsbət təsir edir, ərzaq təhlükəsizliyinə töhfə verir və sığorta bazarını gücləndirir. Bu baxımdan ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi dövlətin aqrar sahəyə dəstəyinin növbəti təzahürü kimi qiymətləndirilməlidir".
Qeyd edək ki, Bakıda beynəlxalq sığorta forumu keçirilir. İki gün davam edəcək forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.