BAKI, 19 iyun — Sputnik. Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Rusiya Federasiyasının Federasiya Şurası Dövlət Duması ilə birlikdə Rusiyanın ATƏT Parlament Assambleyasının fəaliyyətində iştirakının dayandırılması və Rusiya Federasiyası tərəfindən bu təşkilata ödənişlərin dondurulması barədə qərar hazırlayacaq.
"Həmkarlar, gəlin bu komitəyə Dövlət Dumasından olan həmkarlarla işləmək üçün bu göstərişi verək və bizim iştirakımızın dayandırılması və müvafiq olaraq Rusiya Federasiyasından ATƏT Parlament Assambleyasına ödənişlərin dayandırılması barədə qərar hazırlayaq", - Matviyenko bildirib.
O, bu mövqeyi səsləndirən Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarovun Dövlət Duması ilə razılaşdırıldığını qeyd edən çıxışına belə cavab verib.
“Rusiya parlamentarilərinin ATƏT PA-nın işində iştirakının palatamızın növbəti plenar iclasına, daha doğrusu, cari il iyulun 3-dək dayandırılması ilə bağlı Federasiya Şurasının qərar layihəsinin hazırlanıb baxılmaq üçün təqdim edilməsi təklif edilir. Dövlət Duması ilə razılaşmaya əsasən, analoji qərar aşağı palatanın plenar iclasında demək olar ki, eyni vaxtda qəbul ediləcək”, - Cabarov bildirib.
Bundan sonra qərar Rusiya Federasiyası Federal Məclisinin hər iki palatasının rəhbərlərinin imzası ilə ATƏT PA-nın sədrinə göndəriləcək.
Senator qeyd edib ki, Rusiya tərəfinin fikrincə, ATƏT PA-nın dayandığı “bütün prinsiplər” məhv edilib. Bundan əlavə, o, assambleyanın gündəliyinin “bütünlüklə Ukraynalaşdırıldığı”nı bildirib.
"Bərabər dialoq forumundan assambleya anti-Rusiya kursunun məqsədyönlü şəkildə həyata keçirilməsi üçün siyasiləşdirilmiş alətə çevrilib", - senator bildirib.
Nümunə kimi o, ATƏT PA-nın tədbirlərində iştirak etmək üçün bir sıra ölkələrdə Rusiya nümayəndə heyətinin üzvlərinə girişin qadağan edilməsini göstərib. Bu ölkələrə Böyük Britaniya, Polşa, Kanada daxildir və ötən həftə Rumıniya Rusiya parlamentarilərinə viza verməyib.
“Son misal, Rumıniyanın milli nümayəndə heyətinə viza verməkdən imtina etməsidir. Əlbəttə ki, bu, bizim belə münasibətə dözməyəcəyimiz məqamdır”, - deyə Matviyenko bildirib.