RUSİYA

Fransa Cənubi Qafqazda yalnız öz maraqlarını güdür - RF XİN

Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistana Caesar haubitsalarının verilməsinə münasibət bildirib.
Sputnik
BAKI, 19 iyun - Sputnik. Fransa Cənubi Qafqazda növbəti eskalasiya raundunu təhrik edir. Bunu Ermənistana Caesar haubitsalarının tədarükü ilə bağlı müqavilə təsdiqləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
"Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmaya səbəb olur. Bu, daha bir addımdır, biz bu barədə deyirdik, siz də təsdiqini görürsünüz”, - deyə diplomat İrəvanla Paris arasında müvafiq müqaviləni şərh edərkən qeyd edib.
Zaxarovanın vurğuladığı kimi, Fransa hakimiyyəti “Ermənistanın maraqlarını, konkret hansısa bir maraqları, xalqı, heç nəyi rəhbər tutmur”.
"Paris ölkələr daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından, ziddiyyətlərdən yalnız öz fürsətçi məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
O, izah etdi ki, bu cür fürsətçi məqsədlər təkcə Yelisey sarayının şəxsi maraqlarını deyil, həm də “NATO ideologiyasının təmsilçisi” kimi Fransanın şəxsi maraqlarını nəzərdə tutur.