"Genetik xəstəliklər böyük qrup altında birləşib. Onların irsi ötürülmə yolları müxtəlifdir. Qohum evlilikləri autosom-resessiv adlanan irsi xəstəliklərin ortaya çıxma ehtimalını artırır. Autosom-resessiv yolla ötürülən xəstəliklərdə doğulan uşağın xəstə olması üçün ata və ananın xəstə olması o qədər də əhəmiyyət kəsb etmir. Valideynlərin daşıyıcı olması yetərlidir ki, uşaq xəstə doğulsun. Daşıyıcılar xəstəliyə məruz qalmasalar, hətta xəstəliyin yalnız genini daşısalar da, qohum nikahlarda bu xəstəliyin növbəti nəslə ötürmə riski böyük olur. Onlar epidemioloji olaraq potensial təhlükədirlər. Qohum nikahlarda genin daşıyıcılığı artıq o nəsildə olduğundan ötürmə riski də artmış olur".
"Rəsmi nikaha daxil olan şəxslərin talassemiyaya qarşı məcburi tibbi müayinəsinin aparılması bir sıra mühüm məqamları üzə çıxarıb. Tədqiqat zamanı məlum olub ki, nikaha daxil olan, hər ikisi daşıyıcı olan cütlüklərin 29 faizi qohum nikahında olanlardır. Onlardan 16 faiz əmiuşaqlarıdır. Qohum nikahında olan cütlüklər respublikanın aran bölgəsindən, Şəki-Zaqatala, Abşeron və Lənkəran bölgələrindəndir. Talassemiya və oraqvari hüceyrə anemiyası bizim respublikamız üçün endemikdir. Yüksək sıxlıqla rast gəlinir. Respublikanın 4 faizi Beta Talassemiyanın, 10 faizi isə alfa talassemiyanın daşıyıcısıdır. Hər ikisi daşıyıcı olan cütlüklərin evlənməsi xəstə uşaq dünyaya gətirmə statistikasını böyüdür. Odur ki, bunun qarşısını almaq üçün qohum evliliklərinə qadağa qoyulması yaxşı təşəbbüsdür".
"Mən inanmıram ki, bu qadağalar nikahdankənar evlilikləri artırsın. Çünki, ailə münasibətləri rəsmiləşdirilməsə həmin ailədə dünyaya gələn uşaqların sənəd alması müşkül məsələyə çevrilir. Azərbaycan dünyəvi dövlətdir. Ailə münasibətləri mütləq şəkildə rəsmiləşdirilməlidir. Dövlət yaxın qohumlarla evlilikləri qadağan edirsə, insanlar buna qarşı çıxmaqdansa, gələcək uşaqlarının sağlamlığını düşünməlidirlər. Qohum evliliklərinin qadağan edilməsi birbaşa sağlamlıqla bağlıdır. Son illər qohum evliliklərindən dünyaya gələn xəstə uşaqların sayı artır. Vətəndaşlar buna əməl etməlidirlər", - deputat bildirib.