BAKI, 18 iyun - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlara münasibət açıqlayıb.
Açıqlamada deyilir ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
MN qeyd edib ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür:
"Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır".
"Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır", - Nazirlikdən bildirilib.
11:55
Fransa Ermənistanı silahdırmağa davam edir: İrəvana CAESAR haubitsaları verəcək
Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu çərşənbə axşamı X sosial şəbəkəsində bildirib ki, Ermənistan Parisin Kiyevə tədarük etdiyi Fransanın CAESAR özüyeriyən artilleriya sistemlərinin alınması üçün Fransa ilə müqavilə imzalayıb.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Fransa-Almaniya müdafiə konserni KNDS ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdı. Müqavilənin təfərrüatları açıqlanmayıb.
“Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik... Yeni mühüm mərhələ CAESAR silahlarının alınması üçün müqavilənin imzalanmasıdır” - Lekornu yazıb.
Müqavilə Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı imzalanıb. Parisdə keçirilən “Eurosatory 2024” hərbi texnika sərgisi çərçivəsində iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri arasında müzakirələr aparılıb. Fransalı nazir müzakirəni “isti və məhsuldar” adlandırıb.
İrəvan 2023-cü ildə Parisdən hərbi yardım almağa başlayıb. Ermənistan ordusu üçün zirehli texnikanın ilk partiyası Gürcüstan vasitəsilə respublikaya gətirilib. 2023-cü il oktyabrın sonunda Fransanın müdafiə naziri Lekornu bəyan etdi ki, Paris Ermənistana üç Ground Master 200 (GM200) radar sistemi satmaq niyyətindədir və MBDA raket sistemlərinin istehsalçısı ilə Mistral MANPADS ilə bağlı niyyət məktubu imzalamaq planlaşdırılır. Lekornu əlavə edib ki, Fransa Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində də təlim keçəcək.
Fevralda Ermənistan və Fransanın hərbi idarələrinin rəhbərləri Suren Papikyan və Sebastyan Lekornu İrəvanda keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən ediblər. Hərbi təhsil, döyüş hazırlığı, müxtəlif təlimlər, məsləhət və ekspert dəstəyi məsələlərinə xüsusi diqqət yetirilib.