SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan hakimiyyəti Azərbaycana daha 4 kənd verməyi planlaşdırır - erməni deputat

Tiqran Abramyan qeyd edib ki, Ermənistan qanunvericiliyinə görə, bu kəndlər ölkənin ərazi bütövlüyünün tərkib hissəsidir, onların təslim edilməsi yalnız referendum yolu ilə mümkündür.
Sputnik
BAKI, 18 iyun - Sputnik. Ermənistan hakimiyyəti keçmiş anklavları Azərbaycana verməyi planlaşdırır.
Bu barədə sosial şəbəkədəki hesabında “Mənim şərəfim var” müxalifət fraksiyasının katibi Tiqran Abramyan yazıb. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın Sünikə səfərindən sonra digər bölgələrə də səfərlər olacaq ki, bunun da məqsədi referenduma hazırlıqdır.
“Fakt budur ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hakimiyyəti daha 4 kəndi Bakıya təslim etməyi planlaşdırır: Ararat bölgəsindəki Tiqranaşen (Kərki - red.), Tavuşda Sofulu, Barxudarlu və Verin Voskepar (Yuxarı Əskipara - red.)”, - deyə Abrahamyan yazıb.
"Nəzərə alsaq ki, Ermənistan qanunvericiliyinə görə, bu kəndlər ölkənin ərazi bütövlüyünün tərkib hissəsidir, onların təslim edilməsi yalnız referendum yolu ilə ola bilər" - erməni deputat yazıb.
O qeyd edib ki, əgər əvvəlki halda hakimiyyət güzəştləri “itələyə” bilibsə, bu halda ciddi problemlər var:
"Belə bir ssenari Ermənistana strateji zərbə vuracaq. İş ondadır ki, hakimiyyət birtərəfli güzəştlərə yalnız hakimiyyəti saxlamaq nöqteyi-nəzərindən baxır və bunun üçün Azərbaycan şantajına əl atmağa hazırdır".
Qeyd edək ki, Paşinyan Sünikdə Sinuayr kəndinin sakinləri ilə görüşündə Azərbaycanla sərhədin delimitasiyası prosesində referendumun keçiriləcəyini istisna etməyib.