BAKI, 16 iyun — Sputnik. Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına 2 milyondan çox müsəlman gedib.
TRT telekanalının məlumatına görə, Müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan “Əqəbə Cəmrəsi”nə 7 daş atıblar.
Bir çox müsəlman şeytanı daşladıqdan sonra Kəbəyə doğru uzun bir gəzintiyə çıxıb. Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olublar.
Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıblar.
14.06.24, 17:53
Həcc ziyarətində bədbəxt hadisə: Azərbaycanlı zəvvarlar yaralandı
Həcc ziyarətində olan iki azərbaycanlı xəsarət alıb. Sputnik Azərbaycan-ın məlumatına görə, iyunun 14-də səhər Məkkədə hoteldə qalan iki zəvvar qadın liftin şaxtaya düşməsi nəticəsində yaralanıb.
Zəvvarların səhhəti barədə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, xəsarət alanların sağlamlıq durumunda ciddi problem yoxdur.
"Zəvvarlar yüngül xəsarət alıblar, onlara ilkin tibbi yardım göstərilib və sağlamlıqları təhlükədə deyil", - açıqlamada bildirilib.
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1 500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.