BAKI, 16 iyun — Sputnik. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısını, dost və qardaş Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti, öz növbəsində, bayram münasibətilə dost və qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq arzularını çatdırıb.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizin daha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.
Pakistanın Baş naziri COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.
Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.
05.06.24, 19:19
Azərbaycan Prezidenti İlham Əliyev Pakistana rəsmi səfərə dəvət edilib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Əlamətdar bayram - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram. Müstəqillik Günü Azərbaycanın qurucularının ölkənin taleyini formalaşdırmaq əzmini və uzaqgörənliyini nümayiş etdirir.
Pakistan Azərbaycanla ortaq inanca, dəyərlərə və səylərə əsaslanan güclü qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etməsi böyük məmnunluq doğurur. Ölkələrimiz əsl qardaşlar kimi beynəlxalq forumlarda əsas maraq doğuran bütün məsələlərdə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır.
2023-cü ilin iyun ayında gözəl Bakı şəhərinə səfərim zamanı apardığımız məhsuldar müzakirələri, eləcə də bu yaxınlarda Ramazan bayramı ilə əlaqədar telefon danışığımızı böyük məmnunluqla xatırlayıram. Zati-alinizin qardaşlıq əlaqələrimizi daha yüksək zirvələrə qaldırmaqla bağlı mövqeyi məni həmişə ruhlandırıb.
Zati-aliləri, məhz bu ruhda Sizə münasib olan ən yaxın zamanda Pakistana rəsmi səfər etmək barədə dəvətimi bir daha bildirirəm. Bu səfər bizim zamanla sınanmış və davamlı dostluq əlaqələrimizə təkan verməklə yanaşı, həm də münasibətlərdə yeni və şərəfli bir səhifə açacaqdır.
Zati-alinizə möhkəm cansağlığı, rifah, qardaş Azərbaycan xalqına isə davamlı firavanlıq və tərəqqi arzulayıram.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.