SƏHİYYƏ

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

Ümumdünya Qan Donoru Günü təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gündür.
Sputnik
BAKI, 14 iyun — Sputnik. İnsan orqanizmi üçün ən mühüm komponentlərdən biri olan qan orqanizmin birləşdirici toxumalarına aid olan və bədəndə dövr edərək müxtəlif funksiyaları yerinə yetirən mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir.
2005-ci ilin mayında Cenevrədə keçirilən Dünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında iyunun 14-nün könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib.
Həmin günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.
Ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsis edilməsinin təşəbbüskarı Ümumdünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri, Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyətidir. Həmin günlə əlaqədar keçirilən tədbirlərdə BMT-yə üzv olan 193 dövlət, 186 milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyəti, həmçinin onlarla könüllü donor təşkilatları və dünyanın müxtəlif ölkələrindən çoxlu qanköçürmə mütəxəssisləri iştirak edir.
Hər il dünyada təxminən 118,5 milyon donor qeydiyyatdan keçir və onların təxminən yarısı dünya əhalisinin 16 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir.
Ümumdünya Qan Donoru Günü təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gündür. Təhlükəsiz qan və qan məhsulları barədə məlumatlılığın artırılması bu sahədə başlıca hədəflərdən biridir.
Ölkəmizdə də mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Hər il müxtəlif vaxtlarda, xüsusilə Aşura mərasimlərində kütləvi qanvermə aksiyaları keçirilir. Azərbaycanda, eləcə də dünyada ən çox rast gəlinən O (I) Rh+ və A (II) Rh+ qan qruplarıdır. Bu qan qruplarından olan insanların çox olması qan donorluğunda da öz təsirini göstərir. Çünki xəstələrin əhəmiyyətli bir hissəsi O(I)Rh+ və A(II)Rh+ qan qruplarına aiddir. Qan qrupundan aslı olmayaraq, hər zaman donorluğa ehtiyac var. Qan donoru kimi sağlam insanların qəbul ediləcəyini nəzərə alaraq, imtina kriteriyaları 2 qrupa bölünür: daimi və müvəqqəti. Səhiyyə Nazirliyi Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının müdiri Qumral Vəliyeva bildirib ki, qan və qan komponentləri irsi qan xəstəlikləri (talassemiya, hemofiliya və s.), immun çatışmazlığı, ağır anemiya, qan və sümük illiyi xəstəliklərindən əziyyət çəkən, fövqəladə hallar, fəlakət və qəzalarda travma alanlar, tibbi və cərrahi prosedurlardan keçən xəstələrə və hamiləlik və doğuşla əlaqəsi qanaxması olan qadınlara sərf olunur. Bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsinə zərurət yaradır. Bu səbəbdən də qana daimi ehtiyac var və alınandan sonra 42 gün ərzində istifadə edilməlidir.
Daimi imtina kriteriyalarına Addison xəstəliyi, Hepatit (B və C), AIDS (HIV), sifilis, xroniki ürək damar, böyrək, qaraciyər çatışmazlığı olan şəxslər, xronik nefrit, kardiomiopatiya, orqan transplantasiyası olan şəxslər, irsi qan xəstəlikləri, anemiyası olanlar və s. tibbi göstərişlər daxildir. Qan verdikdən sonra 30 dəqiqə ərzində avtomobil idarə etmək tövsiyə olunmur. Həmçinin, bədənin bərpası üçün şokolad yemək, şirə, kompot və ya çay içmək lazımdır. Bundan əlavə, gün ərzində ağır fiziki işlərlə (intensiv məşq, yük qaldırma) məşğul olmaq məqsədəuyğun sayılmır.
Həmçinin, tütünçəkmə və spirtli içkilər kimi zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur. Hər gün müxtəlif qəzalar, xəsarətlər, əməliyyatlar baş verir. Bu zaman qan ehtiyacı yaranır. Donor bir və ya bir neçə nəfərin həyatını xilas edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.