BAKI, 14 iyun— Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” qanunvericiliyə uyğundur. Təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ətraflı müzakirə edilib.
Tahir Mirkişili bildirib ki, qlobal geosiyasi çağırışlara rəğmən, Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq 2023-cü ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, inflyasiya birrəqəmli səviyyədə saxlanılıb. Həmçinin ötən il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
Ötən ilin dünya iqtisadiyyatının zəif bərpası ilə xarakterizə olunduğunu deyən komitə sədri 2023-cü ildə Azərbaycanda keçirilən antiinflyasiya siyasəti nəticəsində orta illik inflyasiyanın 10.4%-lik proqnoza qarşı 8.8% təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, 2023-cü ildə dünya üzrə büdcə kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbəti 5,5%-ə bərabər olub. Ölkəmizdə isə bu göstərici ÜDM-nin 1 faizini təşkil edib.
Komitə sədri deyib ki, 2023-cü ildə ölkəmizdə ÜDM real ifadədə 1,1 faiz artaraq nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb.
T.Mirkişili diqqətə çatdırıb ki, ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil edib və hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb: "2023-cü ildə ixracımız 27.6 milyard dollar təşkil etməklə 17.3 milyard dollarlıq idxalımızı 10.3 milyard dollar üstələyib. Qeyri-neft-qaz məhsullarının ixracı real ifadədə 3,9 faiz artaraq 3,3 milyard dollara bərabər olub və əvvəlki illərdən fərqli olaraq, idxalın artımında dövlətin rolu azalıb, fiziki şəxslərin rolu isə artıb. 2023-cü ilin sonuna olan məlumata əsasən, ölkənin məcmu valyuta ehtiyatları 17,1 faiz artaraq 68,5 milyard dolları ötüb".
Dövlət büdcəsinin əsas parametrlərini təqdim edərkən komitə sədri bildirib ki, 2023-ci ildə dövlət büdcəsinin gəlirləri 33,8 milyard manat proqnoza qarşı 35,2 milyard manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 1,3 milyard manat və ya 4 faiz çox icra olunub. Büdcə gəlirlərinin 45,8 faizi vergi orqanlarının xətti ilə, 18 faizi gömrük orqanlarının xətti ilə, 33,3 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2,9 faizi isə digər gəlirlər üzrə daxilolmaların payına düşüb.
Digər istiqamətlər üzrə dövlət büdcəsinə daxilolmaların müsbət dinamikası və onların strukturu barədə danışan komitə sədri ötən ilin büdcəsinin xərc istiqamətləri barədə də geniş izahat təqdim edib. Bildirilib ki, 2023-ci il dövlət büdcəsində təsdiq olunmuş 36,6 milyard manat xərcin 99.5%-i icra olunub. Qeyd olunub ki, bu icra faizi son illərin ən yüksək icra faizidir. Strukturuna görə xərclərin 55.6%-ni cari xərclər, 41.2%-ni əsaslı xərclər, 3.2%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib. Sosialyönlü xərclər 2023-ci il dövlət büdcəsinin icrasında 13 milyard manat və ya xərclərin 35,8 faizi həcmində olub.
Komitə sədri bildirib ki, dövlətin apardığı sosial-iqtisadi siyasətin davamı olaraq əhalinin gəlir əldə etmək imkanlarının artırılması və rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması 2023-cü ildə də davam etdirilib. Belə ki, 2023-cü ildə sosial müavinətlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları, diplomatik xidmət əməkdaşlarının əməkhaqqıları və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Bundan başqa, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan 165 minə yaxın işçinin əməkhaqqılarının artımı üçün 142,7 milyon manat vəsait sərf edilib. Yuxarıda sadalanan artımların maliyyə tutumu cəm olaraq 749,8 milyon manata bərabər olmaqla 1,9 milyon nəfər vətəndaşı əhatə edib.
Dövlət büdcəsindən digər tədbirlərə sərf olunan vəsaitləri də diqqətə çatdıran Tahir Mirkişili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-ci ilin dövlət büdcəsindən cəmi 5,5 milyard manat vəsait ayrılıb.
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.