CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət sosial müdafiə və İşsizlikdən sığorta fondlarının gəlir və xərcləri artırılır

Deputat bildirib ki, müvafiq qanuna dəyişiklikərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır.
Sputnik
BAKI, 14 iyun— Sputnik. Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlarda dəyişikliyə ikinci oxunuşda baxılıb.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklikərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır.
Millət vəkili Musa Quliyev
Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilib, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990 manat olacağı proqnozlaşdırılır. Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının artımını şərtləndirir. Bunu nəzərə alaraq, dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək mövcud 3.3 milyard manatdan 190,0 milyon manat artırılaraq 3.5 milyard manata çatdırılması məqsədəmüvafiq hesab olunur. Eyni zamanda, əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25,0 milyon manat artırılaraq 6 milyard 500,0 milyon manatdan 6 milyard 525,0 milyon manata çatdırılması təklif olunur. Bununla yanaşı, Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılıb, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat artırılıb. Dövlət sosial müdafiə fondunun büdcəsinin 2024-cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat artaraq 6,9 milyard manat təşkil edəcək.
M.Quliyev deyib ki, işsizlikdən sığorta fondunun büdcəsində də 4 milyon 700 min manat artım nəzərdə tutulub:

"2024-cü il üzrə işsizlikdən sığorta fondunun dürüstləşmiş büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 184676800 manat təşkil edəcək. Artım qeyri-büdcə sektoru üzrə sığorta haqları hesabına baş verəcək".

Komitə sədri deyib ki, Prezident tərəfindən təqdim edilmiş qanun layihələri ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir, işsizlikdən sığota və sosial müdafiə sisteminin daha da dayanaqlı olması üçün etibarlı təminat yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.