BAKI, 14 iyun — Sputnik. "İzvestiya" BRİKS-ə tamhüquqlu üzv və ya tərəfdaş dövlət kimi qoşulmaq istəyən ölkələrin tam siyahısını əldə edib.
Nijni Novqorodda keçirilən BRİKS Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən assosiasiya ölkələrindən birinin nümayəndəsinin sözlərinə görə, ümumilikdə 28 belə dövlət var:
Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tayland, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudan.
"Onların hamısı namizəddir. Onlar qrupa qoşulmaqda maraqlıdırlar. Namizədlərlə və onların qrupa qoşulma formatı ilə bağlı məsələlər BRİKS-in oktyabrda Kazanda keçiriləcək sammitində həll olunacaq. Bununla əlaqədar olaraq, genişləndirmənin Kazanda elan edilib-edilməyəcəyi hələ dəqiq deyil", - diplomatik mənbələr "İzvestiya" ilə söhbətində qeyd edib.
Bundan əlavə, beynəlxalq aləmdə hələ müstəqil ölkə kimi tam tanınmayan Fələstin BRİKS-ə maraq göstərir. O, müşahidəçi dövlət və ya tərəfdaş kimi qoşula bilər.
1 yanvar 2024-cü ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikaya Misir, İran, Efiopiya və BƏƏ BRİKS-ə qoşulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.