İQTİSADİYYAT

Aİİ ölkələrinin ÜDM artımı I rübdə 5%-i ötüb

Avrasiya İqtisadi İttifaqında son bir neçə ildə iqtisadi göstəricilər artmaqda davam edir.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin ümumi daxili məhsulu (ÜDM) 2023-cü ilin nəticələrinə görə 3,8%, bu ilin yanvar-mart aylarında isə 5,3% artıb. Bunu Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç videobağlantı vasitəsilə Novosibirskdə keçirilən "Aİİ ölkələrinə ixrac-2024" adlı VI beynəlxalq konfransında çıxışı zamanı deyib.

"Son bir neçə ildə Avrasiya İqtisadi İttifaqında iqtisadi göstəricilər artmaqdadır. Belə ki, 2023-cü ildə Aİİ ÜDM-in artımı 3,8% təşkil edib ki, bu da qlobal ümumi daxili məhsuldan yüksəkdir. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə isə bu, 3,2%-dir. Belə dinamikanın bu il də davam etdiyini görürük. 2024-cü ilin yanvar-mart aylarında Aİİ-nin ÜDM-si daha 5,3% artıb", - diplomat qeyd edib.

Dmitri Volvaç
Nazir müavini izah edib ki, bu ilin birinci rübündə Ermənistan iqtisadiyyatı 14%, Belarus iqtisadiyyatı 4%-dən çox, Qazaxıstan təxminən 4%, Qırğızıstan iqtisadiyyatı isə təxminən 9% artıb.
"Rusiyada da iqtisadiyyatın davam edən artımını görürük - bu ilin birinci rübündə 5,4% təşkil edib", - o bildirib.
Volvaçın sözlərinə görə, iqtisadi artımın əsas komponentlərindən biri sənaye və sənaye kooperasiyasının inkişafıdır.

"Ötən il Aİİ-də emal sənayesində istehsalın artımı çox yaxşı olub, belə ki, bu rəqəm 7,4 faiz təşkil edib. 2024-cü ilin birinci rübündə artım daha da sürətlənib və indi biz 8,7% rəqəmini - istehsalın artım tempini qeyd edirik ki, bu da bizim fikrimizcə, çox vacibdir və Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin və bütövlükdə Aİİ-nin ayrı-ayrı iqtisadiyyatlarının gələcək iqtisadi artımı və inkişafı üçün çox ciddi sənaye zəminini yaradır", - nazir müavini vurğulayıb.

Diplomat söyləyib ki, artımın əsasını yüksək əlavə dəyərli məhsulların istehsalının yüksək artım tempi təşkil edir ki, bu da çox vacibdir.
"Biz bütün Aİİ ölkələrinin iqtisadiyyatının keyfiyyətinin necə dəyişdiyini, daha da mürəkkəbləşdiyini və artdığını görürük", - Volvaç əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.