BAKI, 13 iyun — Sputnik. Ermənistan parlamenti yaxınlığında etiraz aksiyaları və polislə toqquşma zamanı xəsarət alanların sayı 101 nəfərə çatıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəsarət alanlar mülki şəxslər və polis əməkdaşlarıdır.
Onların 85 nəfərinə tibbi yardım göstərildiyi və evə buraxıldığı qeyd edilir. Dünən səs qumbarasının partlaması nəticəsində xəsarət alaraq əli amputasiya edilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qalan 16 nəfər isə tibbi yardım almağa davam edir.
Qeyd edək ki, qarşıdurma zamanı polis etirazçıları dağıtmaq üçün səs qumbaralarından istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi başladıb.