BAKI, 13 iyun — Sputnik. ABŞ-ın Çinin yarımkeçirici texnologiyalarına çıxışını məhdudlaşdırmaq üzrə addımları beynəlxalq ticarət qaydalarını pozur. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib.
Bundan əvvəl Bloomberg mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Çinin süni intellekt sahəsində istifadə olunan yarımkeçirici texnologiyalara çıxışını daha da məhdudlaşdırmağı nəzərdən keçirir. Bu tədbirlərin Gate All-around (GAA) kimi tanınan qabaqcıl çip arxitekturasına təsir göstərə biləcəyi güman edilir.
"ABŞ-ın hərəkətləri beynəlxalq ticarət qaydalarını ciddi şəkildə pozur və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyinə ciddi ziyan vurur. Çin həmişə buna qəti şəkildə qarşı çıxıb", - Lin Tszyan deyib.
O qeyd edib ki, ABŞ bir tərəfdən Çinlə süni intellekt sahəsində dialoqa ümid etdiyini bildirir, digər tərəfdən isə süni intellekt texnologiyalarının inkişafında çinlilərə təzyiq imkanlarını müzakirə edir. Onun fikrincə, bu,ABŞ-ın ikiüzlü simasını göstərir.
"Birləşmiş Ştatların hərəkətləri Çinin elmi və texnoloji tərəqqisini dayandıra bilməyəcək, onlar yalnız Çin şirkətlərini daha müstəqil olmağa ruhlandıra bilər" - diplomat vurğulayıb.
O əlavə edib ki, Çin ABŞ-ın bu sahədəki hərəkətlərini izləməyə davam edəcək və öz qanuni maraqlarını qətiyyətlə qoruyacaq.
2022-ci ilin oktyabrında ABŞ Çində yerləşən şirkətlərə qabaqcıl çiplərin istehsalı üçün avadanlıq və komponentlərin ixracını məhdudlaşdıran bir sıra qaydaların tətbiqini elan edib. Bir il sonra ABŞ Ticarət Nazirliyi belə yarımkeçiricilərin ixracına dair bir sıra yeni məhdudiyyətlər tətbiq edib.