BAKI, 12 iyun — Sputnik. ABŞ və Avropa İttifaqının (Aİ) Rusiya iqtisadiyyatını "parçalayacaqlarına" dair bəyanatlarına baxmayaraq, Rusiya inkişaf etməkdə davam edir.
Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında ölkə vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edərkən qeyd edib.
Volodin xatırladıb ki, son 10 ildən artıq müddətdə Rusiya Federasiyasına qarşı 21 mindən çox sanksiya tətbiq edilib.
"Vaşinqton və Brüsselin Rusiyanın iqtisadiyyatını parçalayacaqları ilə bağlı bəyanatlarına baxmayaraq, ölkə inkişaf edir", - Dövlət Dumasının sədri yazıb.
Spiker vurğulayıb ki, Rusiya alıcılıq qabiliyyəti paritetinə görə dünyanın ən böyük iqtisadiyyatları siyahısında 6-cı yerdən 4-cü yerə yüksələrək Almaniya və Yaponiyanı geridə qoyub. Volodinin fikrincə, Rusiya Federasiyası Avropanın ən böyük iqtisadiyyatına çevrilib. 2023-cü ildə Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) 3,6% artıb.
Bu yaxınlarda Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Rusiyanı Qərb ölkələrinin çıxılmaz yoluna alternativ adlandıraraq, hazırda dünya ictimaiyyətinin yol ayrıcında olduğunu qeyd edib. O əlavə edib ki, Rusiya bütün dünya ictimaiyyəti, eləcə də bütövlükdə bəşəriyyət üçün əhəmiyyətli olan problemləri uğurla həll edir.