BAKI, 12 iyun - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin Rusiya sülhməramlı kontingentinin (RSK) Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması haqqında qəbul etdiyi qərara uyğun olaraq, 2024-cü il mayın 15-də Qarabağ iqtisadi rayonunda RSK missiyasının başa çatması münasibətilə təntənəli mərasim keçirilib.
Bu barədə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin bəyanatında deyilir.
"12 iyun 2024-cü ildə Rusiya Günündə Rusiya sülhməramlı kontingentinin hissələrinin mərhələli şəkildə çıxarılması tədbirləri başa çatıb. Rusiya Federasiyası Silahlı Qüvvələrinin bütün hərbi qulluqçuları Azərbaycan Respublikasını tərk edərək daimi dislokasiya yerlərinə qayıdıblar.
Rusiya sülhməramlı kontingentinin qüvvələrinin və aktivlərinin yenidən yerləşdirilməsi ilə bağlı məsələlərin operativ həllində köməyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkür edilir", - bəyanatda deyilir.