BAKI, 11 iyun — Sputnik. İyunun 10-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində Rusiyanın Tomsk şəhəri, TDU-nun Avrasiya Araşdırmaları Mərkəzi və "Cənubi Qafqaz" Politoloqlar Klubunun təşkilatçılığı ilə Bakı-Tomsk-Tbilisi videokörpüsü keçirilib.
Tədbirin iştirakçıları iqtisadiyyat üzrə fəlsəfə doktoru, publisist, "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə, jurnalist, Tomsk Dövlət Universitetinin Avrasiya Araşdırmaları Mərkəzinin eksperti Sergey Jarkov, siyasi analitik, Smart-Press informasiya və analitik agentliyinin baş redaktoru Vaxtanq Mqeladze olub.
İlqar Vəlizadə
© Sputnik / Murad Orujov
İlqar Vəlizadənin sözlərinə görə, Xəzər dənizində Azərbaycan-Rusiya enerji əməkdaşlığı uzun tarixə malikdir və zamanla yeni səviyyəyə yüksəlib. Hazırda tərəflər ikitərəfli layihələri fəal şəkildə həyata keçirir, həm də enerji əməkdaşlığının çoxtərəfli formatlarında iştirak edirlər. O, Xəzər qazının Avropaya nəqli üzrə yeni layihələrin həyata keçirilməsi perspektivlərinə də toxunaraq, yeni şəraitdə Transxəzər qaz kəməri ideyasının öz yerini digər, daha sərfəli variantlara verdiyini qeyd edib.
Sergey Jarkov bildirib ki, Xəzər regionu hazırda Avropanı qazla təmin edən ən mühüm mənbələrdən biridir. Eyni zamanda, transxəzər qaz kəmərinin tikintisi perspektivlərinə gəlincə, ekspert qeyd edib ki, hazırda bu layihə həm iqtisadi cəlbedicilik, həm də ekoloji risklər baxımından diqqət çəkir.
Bununla bağlı Jarkov qazın mayeləşdirilməsi müəssisələrinin tikintisi və Türkmənistandan Azərbaycana maye qazın tədarükünün həyata keçirilməsi, onun sonradan Avropaya nəqli üçün potensiala diqqət çəkib.
Siyasi analitik, Smart-Press informasiya-analitik agentliyinin baş redaktoru Vaxtanq Mqeladze Xəzərin enerji resurslarının Avropaya nəqlində Gürcüstanın rolundan ətraflı danışıb və nəhayət ki, qalıq yanacaq dövrünün geridə qalması fikrini tənqid edib. Onun fikrincə, bu cür söhbətlər ictimaiyyəti çaşdırır və reallığın təhrif olunmuş mənzərəsini yaradır.
Xatırladaq ki, iyunun 4-də Bakıda regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.