BAKI, 11 iyun — Sputnik. Dünya bazarlarında neft qiymətlərində nisbətən ucuzlaşma müşahidə edilir. İnvestorlar ABŞ-də inflyasiya göstəricilərini və Federal Ehtiyat Sisteminin (FED) iclasını gözləyirlər. Bu, investorlar üçün inflyasiyanın necə olacağı və bunun yanacağa tələbata necə təsir edəcəyi ilə bağlı daha aydın təsəvvür yaradacaq. Bu da neftin nisbətən ucuzlaşmasına təsir edib.
"Brent" markalı neft 11 sent ucuzlaşaraq 81,52 dollar, ABŞ-nin Qərbi Texas nefti 3 sent azalaraq 77,71 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 1,66 dollar artaraq 82,35 dollar təşkil edib.
Qeyd edək ki, dünən neft qiymətləri təxminən 3% artaraq son bir həftənin ən yüksək səviyyəsinə çatıb. Şimal yarımkürəsində tətil mövsümündə yanacağa tələbatın artacağına dair gözləntilər qiymətləri dəstəkləyib.
Səudiyyə Ərəbistanın Çinə neft ixracını üçüncü aydır ki, azaltması qiymətlərə daha da təzyiq göstərir.
Xatırladaq ki, ABŞ-də xam neft ehtiyatlarının artması və "OPEC plyus"un tədarükü artırmağı planlaşdırması neft qiymətlərini son dörd ayın ən aşağı səviyyəsinə endirib. Neft keçən həftə təxminən 4 faiz ucuzlaşıb. Neft qiymətləri 2024-cü ilin sonunda tədarükün artacağına dair narahatlıqlar səbəbiylə aşağı düşüb.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.
Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.