BAKI, 11 iyun — Sputnik. İki Fransa vətəndaşı Qazaxıstandakı Baykonur kosmodromunun ərazisinə girməyə cəhd edib, onlardan biri susuzluqdan həyatını itirib. Bu barədə kosmodromdakı mənbə "RİA Novosti"yə bildirib.
"Bu yaxınlarda iki Fransa vətəndaşı kosmodrom ərazisinə girməyə cəhd edib. Onlar "klassik" yolu seçiblər - magistral yola çıxaraq düzlükdəki hündür binalara doğru gediblər. Yolda birinin halı pisləşib", - agentliyin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, ikinci fransız dostuna kömək edə bilmədiyi üçün magistral yola doğru geri qaçıb.
"O, magistral yola çatana, maşını saxlayana, vəziyyəti izah edib kömək çağırana kimi dostu susuzluqdan həyatını itirib", - kosmodromdakı mənbə əlavə edib.
Baykonur uzun müddətdir ki, ekstremal turistlərin cazibə obyektidir. Belə ki, 2022-ci ildə "Roskosmos"un sabiq rəhbəri Dmitri Roqozin Böyük Britaniyanın vətəndaşı Benjamin Riç və Belarus vətəndaşı Alina Zelupanın Sovetin "Buran" kosmik gəmisinin ikinci uçuş nüsxəsinin yerləşdiyi 112 saylı buraxılış meydançasının yaxınlığında saxlanılması barədə məlumat verib.
Açıq mənbələrdən alınan məlumatlara görə, iyun ayında Baykonurda gündüz orta temperatur +33 dərəcədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.