BAKI, 11 iyun — Sputnik. Ermənistan müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Fransanın Quru Qoşunlarının komandanı general Pyer Şillə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Asryan Avropa ölkələrinin quru qoşunları komandanlarının konfransında iştirak etmək üçün Almaniyadadır. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfər zamanı o, həmçinin Hohenfelsdəki Birləşmiş Ştatların Birgə Çoxmillətli Təlim Mərkəzində və NCO Akademiyasında olub.
Bundan əlavə, Asryan ABŞ-ın Avropa Komandanlığının rəhbərinin müavini Stiven Başamla görüşüb və onunla Ermənistan-ABş hərbi əməkdaşlığı və Ermənistan ordusunda islahatları müzakirə edib. Baş Qərargah rəisi aparılan islahatların təfərrüatlarını təqdim edib və onların həyata keçirilməsində ABŞ-ın dəstəyinə ümid etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.