BÖLGƏ

İran XİN-in Zəngəzur dəhlizi açıqlaması

Tehran regionun demoqrafiyasını və regionun sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir.
Sputnik
BAKI, 10 iyun — Sputnik. İran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir. İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani bu barədə CNN Türk-ə müsahibəsində bildirib.
"İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan arasında normallaşmanı dəstəkləyir. Bununla belə, Tehran regionun demoqrafiyasını və regionun sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir" - o vurğulayıb.
Xatırladaq ki, Ermənistan rəsmiləri dəfələrlə bəyan ediblər ki, nəqliyyat əlaqələrinin açılması məsələsində "dəhliz məntiqi" olmamalıdır və Ermənistan yalnız qarşılıqlı faydalı şərtlərlə nəqliyyat marşrutlarının açılması məsələlərini müzakirə etməyə hazırdır.
Zəngəzur dəhlizi reallaşacağı təqdirdə Azərbaycanın Ermənistanın Sünik vilayətindən keçməklə Ermənistanın nəzarət-buraxılış məntəqələri olmadan Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışını təmin edəcək.