RUSİYA

Makron və Şoltsun məğlubiyyəti biganəliyin nəticəsidir - Matviyenko

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirir ki, Vaşinqtonun əmrlərini yerinə yetirdikdən və suverenlikdən imtina etdikdən sonra onlar başqa heç nəyə ümid edə bilməzdilər.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Avropa Parlamentinə seçkilərdə Emmanuel Makron və Olaf Şoltsun məğlubiyyəti layiqlidir, bu, onların milli lider kimi uğursuzluğunu təsdiqləyir. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
"Ümumavropa parlament seçkilərində Köhnə Dünyanın ən böyük dövlətlərinin başçılarının – Makron və Şoltsun partiyalarının sarsıdıcı məğlubiyyətə uğraması onların həm milli, həm də avropalı siyasətçi kimi uğursuzluqlarını bir daha təsdiqləyir" - Matviyenko "Telegram" kanalında yazıb.
O qeyd edib ki, bu, insanların və cəmiyyətin real ehtiyaclarına uzun illər ərzində biganəlikdən irəli gələn layiqli nəticədir.
"Vaşinqtonun əmrlərini yerinə yetirdikdən və suverenlikdən imtina etdikdən sonra onlar başqa heç nəyə ümid edə bilməzdilər" - Matviyenko əmindir.
Onun fikrincə, bu, vətəndaşları, seçiciləri ilə əlaqələrini kəsənlərin milli etimad mandatının və real legitimliyinin zəiflədilməsi istiqamətində uzunmüddətli və obyektiv tendensiyanın əlamətidir.
"Görünür, təhlükəli qeyri-legitimlik virusu bütün Avropa qitəsinə yayılmağa başlayır" - parlamentin yuxarı palatasının sədri yekunlaşdırıb.
İyunun 6-dan 9-dək Aİ-nin bütün ölkələrində 2024-2029-cu çağırış AP-yə seçkilər keçirilib. Səsvermə hər bir ölkənin milli qanunlarına uyğun aparılıb: Hollandiya iyunun 6-da, İrlandiya və Çexiya iyunun 7-də, İtaliya, Latviya, Malta, Slovakiya iyunun 8-də, birlik ölkələrinin əksəriyyəti isə iyunun 9-da səs verib.
İyunun 9-da Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Sonuncu dəfə parlamentin aşağı palatası prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılıb.