BAKI, 9 iyun - Sputnik. Şamaxıda ötən gün başlayan Hava Şarları Festivalı (Balloon Festival) bu gün axşam saatlarınadək davam edəcək.
Artıq ikinci ildir təşkil edilən festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində nümayiş uçuşu keçirilir. Bu dəfə də izləyicilər hava şarlarının Şamaxı səmasındakı heyranedici uçuşunun şahidi olub.
Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
Festival zamanı Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində konsert və əyləncə proqramı da təşkil olunur. Burada axşam saatlarına qədər kiçikdən böyüyədək müxtəlif əyləncələrə qatılıb, konsert proqramını izləmək olar.
Şamaxıda ilk dəfə olaraq Hava Şarları Festivalı keçiriləcək
İyunun 17-18-də Azərbaycanda ilk dəfə olaraq Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.
Bu barədə Report-a Hava Şarları Festivalının Təşkilat Komitəsindən məlumat verilib.
Bildirilib ki, Şamaxı şəhərində baş tutacaq tədbirin ilk günü - iyunun 17-də layihənin iştirakçılar üçün təqdimatı olacaq, hava şarları, uçuş barədə məlumat veriləcək, əyləncə proqramı olacaq.
İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək.
Qeyd olunub ki, hava şarları festivalları Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Nyu Meksikonın Albukerke, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə keçirilir.
Ənənəvi keçirilməsi nəzərdə tutulan Hava Şarları Festivalının birinci ilinə giriş dəvətnamə ilə olacaq. Festivalın sonunda iştirakçılara uçuşdan xatirə olaraq sertifikatlar veriləcək.