BAKI, 9 iyun — Sputnik. Qərb Rusiyanı beş yerə bölməyi planlaşdırıb.
Bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) çərçivəsində Serb Respublikası (Bosniya və Herseqovinanın bir hissəsi) Prezidenti Milorad Dodik bildirib.
"20 il əvvəl Qərb, sadəcə olaraq Yuqoslaviyada məşq edirdi ki, illər sonra Rusiyada da eyni şeyi edə bilsin. Rusiyaya mümkün qədər yaxınlaşmaq, Rusiyanı sonrakı mərhələlərdə bölmək üçün Ukraynanı tamamilə işğal etmək istəyirlər" – o, "TASS"a müsahibəsində bildirib.
Dodikin sözlərinə görə, Rusiyanın beş yerə bölünməsi təklifi barədə məlumat var. Qərb dünyanın bir çox yerlərində bunu etməyə adət edib və indi öz planını burada da həyata keçirə biləcəyini düşünür.
Serb Respublikası Prezidenti qeyd edib ki, Rusiya lideri Vladimir Putin "bütün bu tendensiyaları dərhal başa düşüb və Rusiyanın milli dövlət maraqları uğrunda mübarizənin başında dayanıb". O, Putini Rusiyanın və bütün rus xalqının milli sərvəti adlandırıb.
Dodik vurğulayıb ki, heç bir resursu olmayan Qərbin əsas məqsədi Rusiyanın sahib olduğu resurslara sahib çıxmaqdır.
Qeyd edək ki, Milorad Dodik SPBİF-də iştirak etmək üçün Rusiyaya gəlib. O, artıq Putinlə görüşüb. Həmin görüşdə Rusiya lideri bildirib ki, bu il Rusiya ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsində artım müşahidə olunub.
Dodik sanksiyalar qarşısında Rusiyaya dəstəyini ifadə etmək üçün SPBİF-də iştirak edəcəyini bəyan edib.