TƏHLİL

Dalandakı sülh: Bütün planlar puç oldu

Azərbaycan və Ermənistan arasındakı kövrək sülh danışıqları ilə bağlı tərəflərin davamlı yenilənən açıqlamaları mövcud prosesin hansı istiqamətdə cərəyan etməsi ilə bağlı aydın fikir formalaşmasına kifayət etmir.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil.
Prezident vurğulayıb ki, 2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır.
Azərbaycan və Ermənistan arasındakı kövrək sülh danışıqları ilə bağlı tərəflərin davamlı yenilənən açıqlamaları mövcud prosesin hansı istiqamətdə cərəyan etməsi ilə bağlı aydın fikir formalaşmasına kifayət etmir.
Qeyd edək ki, Ermənistan XİN Azərbaycan liderinin sülh sazişi bağlı açıqlamasından sonra bəyanat yayıb. XİN-in bəyənatında bildirilib ki, Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
Azərbaycan Ermənistan sülhünə mane olan səbəblərlə bağlı çox yazılıb, çox danışılıb. 2023-cü ildə keçirilmiş antiterror əməliyyatından sonra bu proses daha sürətli şəkildə aparılıb. Azərbaycan və Ermənistan arasında delimitasiya prosesində qazanılmış pozitiv dinamika hazırda sülh müqaviləsinin yaxın aylarda imzalana biləcəyi ilə bağlı təəssürat yaradır.
Azərbaycan liderinin Ermənistanın hazırkı konstitusiyası ilə bağlı fikirlərindən bir müddət əvvəl Ermənistan XİN rəhbəri bildirib ki, Ermənistan və Azərbaycan konstitusiyalarda qarşılıqlı problemləri dilə gətiriblər və bu problemlər uzunmüddətli sülhə maneədir.
Hazırda Paşinyan hakimiyyəti ciddi basqılarla üz-üzə qalıb. Ermənistan daxilindəki revanşistlərin hakimiyyətə gəlmək istəyi fonunda konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək istənilən referendum Paşinyan hakimiyyətinə qarşı olanların dairəsini genişləndirmiş olacaq. Bu isə bölgəyə qalıcı sülhün gəlməsini uzun müddət ləngidə, hətta hərbi toqquşma ehtimallarını gündəmə gətirə bilər.
Millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a deyib ki, Ermənistan bütün istiqamətlərdə özünü olduqca destruktiv aparıb:
"Keçmiş münaqişə vəziyyətində Azərbaycan münaqişənin dinc vasitələrlə aradan qaldırılması üçün həm mövqe nümayiş etdirib, həm praktiki addımlar atmağa hazır olduğunu göstərib. Lakin Ermənistan uzun bir dövr ərzində artıq keçmişdə qalmış münaqişə vəziyyətinin davam etməsində maraqlı olub".
Millət vəkili, Elşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu vurğulayıb ki, Qərb dairələri də regionda münaqişə vəziyyətinin qalıcılığını idarəetməklə məşğul olublar:

"Çünki onlar da münaqişə vəziyyətinin aradan qalxmasını istəmirdilər. Münaqişənin idarə olunması Ermənistana zaman qazandırırdı ki, o gələcəkdə işğal altında saxlanılan torpaqların hüquqi mənsubiyyətini dəyişə bilsin. Ancaq bu planlar hamsı puç oldu. Azərbaycan tropaqlarını işğaldan azad etdikdən sonra regionda yeni konfiqurasiyalar formalaşdı. Nəinki regionda bu gün qlobal miqyasda dünya ciddi dəyişikliklər yaşayır. Azərbaycanın antiterror əməliyyatları Ermənistanın bütün manevr imkanlarını əlindən alıb. Bizim sülh üçün irəli sürdüyümüz şərt Ermənistanın Azərbaycana olan ərazi iddialarından birdəfəlik əlçəkməsi ilə bağlıdır. Cənab Prezident hər zaman bunu xüsusi vurulayıb. Çünki Azərbaycan şifahi deyil, sənəd üzərində bu iddialardan əl çəkilməsini istəyir".

Millət vəkili bildirir ki, Ermənistanın Konstitusiya Aktında Azərbaycana qarşı ərazi iddiaları əks olunub:
"Burada sual yaranır ki, necə olur Ermənistan Azərbaycanla sülh müqaivləsi imzalamaq istəyir, ancaq Konstitusiya Aktında da Azərbaycana olan ərazi iddialarını saxlayır. Ermənistan Konstitusiya dəyişikliyinə getməlidir ki, imzalanacaq sülh müqaviləsi tam qanuni əsası olsun. Bunun əksi olacaqsa, bu o deməkdir ki, Ermənistan bunu sadəcə olaraq bugünkü təsiri altında məcburən edir. Əgər yeni imkanları yaranarsa, Azərbaycana qarşı ərazi iddialarını ortaya qoya bilər. Əslində bu iddialar indi də var. Çünki 2020-ci ildən ötən zaman ərzində Ermənistan Qərbdəki havadarlarına güvənərək ümid edirdi ki, vəziyyət hansısa formada onların xeyrinə dəyişəcək. Azərbaycan prezidentinin qətiyyəti,iradəsi, strateji baxışları ölkəmizin güclü mövqelərini daha da möhkənləndirib. Biz ölkəmizə qarşı yönəlmiş əhdidlərin qarşısını preventiv olaraq aldıq. Bu gün bütün proseslərə nəzarət etmək, təsir etmək imkanındayıq. Bu baxımdan Azərbaycan prezidenti həmişəki mövqeyini sərgiləyir və tələb edir ki, bu ölkənin konstitusiyasında dəyişiklik edilməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.