SƏHİYYƏ

Azərbaycanda "quş qripi yayılıb? Rəsmi cavab

İnfeksionist bildirib ki, "quş qripi"nin simptomları adi qripin əlamətlərinə bənzəyir.
Sputnik
BAKI, 8 iyun — Sputnik. "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Təşkilatın rəsmi məlumatlarına əsasən, Agentlik tərəfindən müvafiq qərarlar qəbul edilir. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunur".
Bu Sputnik Azərbaycan-ın dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma ilə bağlı sorğusuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilmiş cavabda bildirilib.
Agentlikdən bildirilib ki, aidiyyəti qurumlarla birgə respublika ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçirilir və nəticələri ictimaiyyətə açıqlanır.
AQTA-dan o da bildirilib ki, quş qripi xəstəliyindən qorunmaq üçün profilaktik məqsədlə bir sıra zəruri tələblərə əməl edilməlidir:
vəhşi köçəri quşların miqrasiya dövründə fərdi quşçuluq təsərrüfatlarında quşların qapalı şəraitdə saxlanması təmin olunmalı;
ölmüş çöl və ev quşlarına toxunmadan dərhal aidiyyəti qurumlara məlumat verilməli;
quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) sanitariya-gigiyena qaydalarına əməl edilməli;
quşlar nəqliyyat vasitələrində açıq şəkildə və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmamalı;
quşçuluq təsərrüfatlarına bu xəstəliyə görə şübhəli təsərrüfatlardan quş, yem və digər ləvazimatlar gətirilməməlidir.
Qeyd edək ki, dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halı qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir. Hadisə Meksikada baş verib. Belə ki, Meksikanın hakimiyyət orqanları ÜST-yə Meksika ştatının sakinində aşkar edilmiş quş qripi A(H5N2) virusu ilə bağlı məlumat verib. Bu, dünyada A(H5N2) qripi virusuna insan yoluxması ilə bağlı laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisədir.
Virusun mənbəyi məlum deyil və hazırda bununla bağlı araşdırma aparılır. Meksika ştatının sakininin ev quşları və digər heyvanlarla heç bir əlaqəsi olmayıb. Aprelin 17-də xəstədə hərarət, təngnəfəslik, ishal, ürəkbulanma, ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstə həkimə müraciət edib, o, Tənəffüs Yolları Xəstəlikləri İnstitutuna yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bundan əvvəl insanların A(H5N1), A(H5N6)A(H5N8) viruslarına yoluxması barədə məlumat verilmişdi.
İnfeksionist İlhamə Abbasova Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, "quş qripi" virusu təhlükəli virusdur. Bununla belə infeksionist bu virusa insanlar arasında yoluxmanın ilk dəfə qeydə alındığını, pandemiya təhlükəsi olmadığını bildirib. Həkim əlavə edib ki, Azərbaycanla qonşu ölkələrdə bu virusun insanda tapılmaması risk yaratmır. O, hələ ki, "quş qripi" virusu əlamətləri ilə müraciətin qeydə alınmadığını söyləyib.
İnfeksionist İlhamə Abbasova
İ.Abbasova onu da bildirib ki, "quş qripi" adi qripin əlamətlərinə bənzəyir.

"Hərarət, halsızlıq kimi şikayətlərlə müşayət olunur. Quşçuluq fabriklərində işləyən və ev quşları saxlayanların yoluxma riski daha böyükdür. Bu virus hava yolu ilə yayılır. Quşların miqrasiyası bu riski artırır. Həmçinin quş əti idxalına da nəzarət edilməlidir. Çünki, "quş qripi"nə yoluxmuş quşun ətində dondurulmuş halda belə bu virus bir il yaşaya bilir. Ölkəmizdə quşlar arasında kütləvi ölüm baş verdikdə laborator müayinələr edilməlidir. "Quş qripi" əlamətlərindən şübhələndikdə də müayinələr aparılmalıdır. Hazırda isə ölkəmizdə belə bir təhlükə yoxdur. Əgər qonşu ölkələrdə virusa yoluxma artarsa, bizdə də narahat olmağa əsas olar" infeksionist bildirib", - həkim fikrini tamamlayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.