BAKI, 8 iyun - Sputnik. "Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfəri çərçivəsində Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən sonrakı bəyanatında deyib.
"Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar", - Prezident bildirib.
Dövlətimizin başçısı bildirib ki, beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür:
"Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur".
Daha sonra İlham Əliyev bildirib ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.
Onun sözlərinə görə, bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır.
"Eyni zamanda, biz Cənubi Qafqazdakı prosesləri də müzakirə etdik. Mən bildirdim ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır", - İlham Əliyev vurğulayıb.
Prezident onu da bildirib ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir.
"Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. Həmkarımın diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir", - İlham Əliyev vurğulayıb.
İkitərəfli münasibətlərə gəldikdə, dövlətimizin başçısı bildirib ki, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək. Əminəm ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.
"Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır. Birgə hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı nümayəndə heyətlərinin üzvləri bizə məlumat vermişlər. Komissiyanın sonuncu iclası iki il bundan əvvəl Azərbaycanda keçirilmişdir. Yəqin ki, komissiyanın növbəti iclası bu il keçiriləcək və prezidentlər tərəfindən verilmiş bütün göstərişlər, əminəm, ciddi müzakirə ediləcək və beləliklə, biz əməkdaşlıq istiqamətində növbəti önəmli addım atacağıq".
Sonda İlham Əıliyev Misir Prezidentinə göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkür edib:
"Əminəm ki, noyabr ayında Bakıda COP29 çərçivəsində biz Sizinlə yenidən görüşəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.