SƏHİYYƏ

Arterial hipertenziyanı "gizli qatil" adlandırırlar - Mütəxəssis

Həkim bildirib ki, nəslində ürək patologiyaları olan insanlar öz orqanizminə xüsusilə diqqət yetirməlidir.
Sputnik
BAKI, 8 iyun — Sputnik. "Bütün dünyada, eləcə də Azərbaycanda ən geniş yayılan və ölümlə nəticələnən ürək xəstəliklərindən ilk növbədə arterial hipertenziya və ürəyin işemik xəstəliyini göstərmək olar. Təsadüfi deyil ki, arterial hipertenziyanı "gizli qatil" adlandırırlar. Çünki bəzən xəstələrin özləri də onlarda arterial hipertenziyanın olduğunu bilmir".
Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-kardioloqu, Kliniki farmakologiya kafedrasının dosenti, tibb elmləri doktoru Sona Qəhrəmanova deyib.
Xəstələrin yalnız müəyyən fəsadlar yarandıqdan sonra həkimə müraciət etdiyini vurğulayan mütəxəssis deyib ki, arterial hipertenziyanın əsas fəsadları miokard infarktı, beyin insultu, həmçinin böyrək funksiyasının, periferik damarların spazması nəticəsində qan təchizatının, göz dibində damarların daralması səbəbindən görmə qabiliyyətinin pozulmasıdır.

"Bunların sırasında daha çox ölümlə nəticələnən xəstəliklər miokard infarktı və beyin insultudur. Ağır fəsadların qarşısını almaq üçün ilk növbədə arterial təzyiqin vaxtında aşkarlanaraq dərmanlarla idarə olunmasının böyük əhəmiyyəti var".

Həkim, arxiv
S.Qəhrəmanova geniş yayılaraq ölümlə nəticələnən ürəyin işemik xəstəliyi barədə danışıb:
"Bu problem isə özünü stenokardiya formasında büruzə verir. Stenokardiyanın ağırlaşmalarından biri də miokard infarktının yaranmasıdır. Həm arterial hipertenziyanın, həm də ürəyin işemik xəstəliyinin yaranma mexanizmləri eynidir. Hər iki xəstəliyin yaranmasının əsas səbəbi damarlarda gedən patoloji proseslərdir. Yəni qanın laxtalanması, xolesterinin miqdarının çoxalması və damarların daralması nəticəsində yaranan pozulmalar hər iki xəstəliyin əsasını təşkil edir. Əgər ürəyin işemik xəstəliyi özünü stabil stenokardiya formasında göstərirsə, bu xəstələrdə döş sümüyünün arxasında yandırıcı ağrılar olur. Tipik hallarda isə ağrı sol qola, sol çiyinə və epikastral nahiyəyə vurur. Xəstəlik vaxtında aşkarlanaraq müalicə edilmədikdə, koronar damarın tam tutulmasına gətirib çıxarır və miokard infarktı ilə nəticələnir".
"Miokard infarktının yaranması o deməkdir ki, ürəyi qidalandıran damar tamamilə tutulur, həmin zonada qan təchizatının pozulması işemiyaya və ürək əzələsinin məhv olmasına gətirib çıxarır. Ürəyin əsas funksiyası isə onun yığılma qabiliyyətidir. Ürək yeganə orqandır ki, orqanizmdə nasos funksiyasını yerinə yetirir. Miokard infarktı nəticəsində ürək əzələsi məhv olduqda, onun nasos funksiyası pozulur və xəstələrdə qısa müddətdə ürək çatışmazlığı inkişaf edir. Ürək çatışmazlığı isə ürəyin bütün funksiyalarını itirməsi deməkdir. Belə xəstələrdə təngnəfəslik və ödəm kimi fəsadlaşmalar yaranır və vaxtında müalicəyə başlamadıqda həyatlarını itirirlər", - o, bildirib.
Əslində tibbdə "gizli infarkt" anlayışının olmadığını deyən həkim-mütəxəssis qeyd edib ki, doğrudan da bəzən insanlarda gizli infarktın olması haqqında vaxtaşırı xəbərlər eşidirik:
"Hətta sağlamlığından heç bir şikayəti olmayan şəxslərin qəfləti ölüm halları ilə də tez-tez rastlaşırıq. Əslində "gizli infarkt" anlayışı yoxdur. Deməli, həmin şəxslərin infarktdan əvvəl ürəklə bağlı hansısa problemləri olub. Lakin vaxtında sağlamlıqlarına fikir vermədiklərinə görə belə fəsadlaşma yaranıb. Çünki hər bir insan individualdır. Elə insan var ki, həssasdır, özündə hər hansı xəstəliyin simptomu yarananda dərhal həkimə müraciət edir, lazımi laborator və instrumental müayinələrdən keçir, diaqnozu da vaxtında qoyulur. Profilaktik tədbirlərin zamanında görülməsi "gizli" dediyimiz infarktın qarşısını alır. Xəstədə miokard infarktının genetik yaranma ehtimalını da nəzərə almaq lazımdır".
Həkim ürəyin müayinə və müalicəsi üçün zəruri hallar haqqında məlumat verib:

"Nəslində ürək patologiyaları olan insanlar öz orqanizminə xüsusilə diqqət yetirməlidir. Hər hansı baş ağrıları, baş gicəllənməsi, ürəkdə döyüntü, döş sümüyünün arxasında yandırıcı ağrılar, qeyri-ritmik ürək döyüntüləri, təngnəfəslik, ayaqlarda ödəm, qarın şişməsi kimi əlamətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır. Ürək döyüntülərinin çoxalması, azalması və ya hava çatışmazlığı, aritmiyanın ürək nahiyəsində diskomfort hissi, sıxılma, ödəm, ürək çatışmazlığı, döş sümüyün arxasında yandırıcı ağrılar stenokardiyanın əsas əlamətləridir. Yeri gəlmişkən, bəzən insanlar bəlli bir yaşdan sonra profilaktik məqsədlə müəyyən dərmanlar, xüsusilə də qandurulducular içməyin vacibliyini düşünürlər. Xatırladım ki, bunu ancaq mütəxəssis təyin edə bilər. Bu, yaşdan asılı deyil. Həm cavan, həm yaşlı şəxslər dərman preparatlarını qəbul etməzdən əvvəl müayinədən keçməlidir".

"Özbaşına qəbul edilən dərmanlar mədə-bağırsaq problemi olan insanlarda qanaxma, yüksək qan təzyiqli xəstədə beyinə qansızma riskini artırır. Bir vaxtlar belə fikir vardı ki, 40 yaşdan sonra hamı kardioaspirin dərmanı içməlidir. Bu fikir özünü doğrultmadı. Artıq sübuta yetirilib ki, qanlaxtalanma sistemində heç bir problem olmadıqda, qandurulducuya, həmçinin profilaktik məqsədlə digər dərmanları qəbul etməyə ehtiyac yoxdur. Ən yaxşı profilaktik tədbir xəstəliklərin yaranmasına səbəb olan risk faktorlarını aradan qaldırmaq, düzgün həyat tərzi və qidalanma, fiziki aktivlikdir", - həkim əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.