İQTİSADİYYAT

Komitə sədri: Azərbaycanda orta illik inflyasiya 0.7 faiz təşkil edib

Komitə sədri cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaranmış əlavə dəyərin 38.2 milyard manat, iqtisadi artım tempinin 4,3% təşkil etdiyini söyləyib.
Sputnik
BAKI, 7 iyun— Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib.
O nəzərə çatdırıb ki, qanun layihəsinə dair izahata əsasən, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2024-cü il ərzində həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq fəaliyyət, habelə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər üzrə dövlət vəzifələrinin icrası dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırıb.
Həmin tələbatın dövlət büdcəsinin əlavə daxilolmaları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib.
Komitə sədri cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaranmış əlavə dəyərin 38.2 milyard manat, iqtisadi artım tempinin 4,3% təşkil etdiyini söyləyib.
Qeyd olunub ki, artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin edilib və bu dövrdə iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 24.2 milyard manatlıq məhsul istehsal olunub ki, bu, 7,7% artım deməkdir, neft-qaz sektorunda isə 14.2 milyard manatlıq məhsul istehsal olunub. Bu ilin 4 ayı ərzində "Azeri Light" xam neftin 1 barelinin qiyməti 87.3 dollar olub. 2024-cü ilin dürüstləşdirilmiş layihəsində neftin 1 barrelinin qiyməti 60 dollardan 75 dollara çatdırılıb. Bu müddətdə ölkədə orta illik inflyasiya 0.7% təşkil edib. Dövlət büdcəsinin gəlirləri proqnozdan əlavə 1 milyard 115,1 milyon manat olub. Dövlət büdcəsinin xərcləri isə 123.6% icra olunub. İxracın miqdarı idxala nisbətən 2.5 milyard dollar çox olub.
Bildirilib ki, yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Qeyd edək ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36,3 milyard manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,1 milyard manat və ya 6,4 faiz çoxdur.
2024-cü il dövlət büdcəsində xərclər 39,7 milyard manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,9 milyard manat və ya 8 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 8,9 faiz çoxdur.