BAKI, 7 iyun — Sputnik. Daşkəsəndə üzərinə benzin tökərək yandıran qazi Ədalət İsmayılov Bakıda xəstəxanada dünyasını dəyişib.
Sputnik Azərbaycan "Unikal"a istinadən xəbər verir ki, 28 yaşlı Daşkəsən rayon sakini bu gecə paytaxtda müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Ədalət İsmayılov Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər tərəfindən alov söndürülüb.
Xatırladaq ki, Ə.İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb.
Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, onun qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.