BAKI, 7 iyun — Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib. Sputnik Azərbaycan Manset.az-a istinadən xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.
Xatırladaq ki, F.Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.
“Qafqazinfo”nun əldə etdiyi yeni məlumata görə, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib. Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.
Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxlayıb. O, mobil telefondan dəfələrlə etdiyimiz zənglərə cavab verməyib. İsrarla zənglərimizdən sonra o telefonu açıb, lakin vəzifə borcunu yerinə yetirmək əvəzinə mətbuat nümayəndəsinə qarşı kobudluq edərək açıqlama verməkdən imtina edib və dərhal telefonu söndürüb.
Sualımızın Zaur Mikayılovun öz qudasını yüksək vəzifəyə təyin olunması ilə bağlı olduğunu eşitdikdən sonra kobudcasına "sizin telefonunuzu elə buna görə açmadım" deyərək zəngi sonlandırıb.
Qeyd edək ki, "Media Haqqında" qanunla informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyulur.