RUSİYA

Mərkəzi Bankın sədri Rusiya iqtisadiyyatının üç prioritetini açıqladı

Dünya Bankının məlumatına görə, Rusiya bu gün alıcılıq qabiliyyəti paritetinə görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Yaxın illərdə Rusiya iqtisadiyyatı qarşısında duran əsas vəzifələr kapital bazarının inkişafı, qlobal açıqlığın və texnoloji sahədə liderliyin təmin edilməsidir.
Bu barədə cümə axşamı, iyunun 6-da Rusiya Federasiyası Mərkəzi Bankının sədri Elvira Nabiullina Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, kapital bazarının inkişafındakı durğunluq dövlətin rolunun və subsidiyaların artması ilə nəticələnəcək. Bundan əlavə, sanksiyaların təzyiqinə baxmayaraq, Rusiya bu və ya digər şəkildə dünya iqtisadiyyatına bu cür tərəfdaşlığa hazır olan ölkələrlə inteqrasiya olunmalıdır.
"Üçüncü vəzifə isə maliyyə sektorunun texnoloji inkişafında liderliyi saxlamaqdır" - Rusiya Bankının rəhbəri sözünü yekunlaşdırıb.
Qeyd edək ki, bir gün əvvəl, iyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Rusiya iqtisadiyyatını dünya iqtisadiyyatının ilk dördlüyü sırasına daxil etmək məqsədinə nail olunduğunu bəyan edib. Dövlət başçısı qeyd edib ki, Dünya Bankının məlumatına görə, Rusiya bu gün alıcılıq qabiliyyəti paritetinə görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır.