BAKI, 6 iyun — Sputnik. Azərbaycan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə pomidor ixrac edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycan:
-Rusiyaya 31225 ton,
-Belarusa 650 ton pomidor ixrac edib.
Pomidorun ixrac qiyməti artıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 kq pomidorun orta ixrac qiyməti 2024-cü ilin üç ayında 2,38 manat, ötən ilin eyni dövründə isə 2,16 manat olub. Beləliklə, pomidorun ixrac qiyməti artıb.
2024-cü ilin birinci rübündə Azərbaycanın cəmi pomidor ixracının 97,1%-i Rusiyanın payına düşüb. Azərbaycandan Rusiyaya pomidor ixracında artım müşahidə edilir. Belə ki, illik müqayisədə Rusiyaya ixrac miqdar ifadəsində 33,2% artıb.
İxracın artması bazarın tələbidir
Ekspertlərin sözlərinə görə, Azərbaycanın pomidor ixracı əsasən Rusiyanın payına düşür. İxracın artması bazarın tələbidir. Rusiya bazarında Azərbaycan pomidoruna tələb artıb. Bu məsələni bazar tənzimləyir.
Ötən il də Azərbaycan pomidoru əsasən Rusiyaya göndərilib
Xatırladaq ki, Azərbaycan keçən il 162 milyon dollar dəyərində 140 min ton pomidor ixrac edib ki, bu, illik müqayisədə dəyər ifadəsində 3,4 faiz, miqdar ifadəsində 0,6 faiz azdır. Keçən il Azərbaycan pomidoru əsasən Rusiyaya göndərilib. Ötən il Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiya bazarının payına düşüb.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilmiş müəssisələrin məhsullarına laborator müayinələrdən sonra fitosanitar sertifikatlar verir. Digər müəssisələrin Rusiyaya məhsul ixracı ilə bağlı icazələr Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") verdiyi qərar əsasında mümkündür.
Beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Yalnız beynəlxalq standartlara uyğun məhsul istehsal edən, həmçinin zərərvericilərə qarşı lazımi səviyyədə tədbirlər həyata keçirən təsərrüfatlarda istehsal olunmuş məhsullar ixrac oluna bilər.